Sərhədlə bağlı bu məlumatı yayan 2 nəfər... - DTX

18:45 8 Aprel 2024

Son günlər bəzi sosial şəbəkələrdə Azərbaycan-Ermənistan sərhədində gərginliyin artması, Azərbaycan Ordusunda şəhidlərin və yaralıların olması, qoşun birləşmələrinin və ağır artilleriya silahlarının hazırlıq vəziyyətinə gətirilməsi, Laçın rayonu ərazisində komendant saatının tətbiq edilməsi ilə bağlı bir sıra şəxslər tərəfindən əsassız məlumatlar, reallığı əks etdirməyən saxta xəbərlər yayımlanır.

Sitat.info xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmalar nəticəsində cəmiyyətdə narahatlığın yaranmasına səbəb olan bu kimi məlumatları yayan şəxslərin Azərbaycan Respublikasının vətəndaşları – 1977-ci il təvəllüdlü Rəşad Balağa oğlu Əliyev və 1973-cü il təvəllüdlü Pərviz Ramiz oğlu Məlikov olduğu müəyyən edilib, onların belə məlumatları yaymalarının qarşısı alınaraq zəruri hüquqi prosedur tədbirlər həyata keçirilib.

Medianın İnkişafı Agentliyi və Dövlət Təhlükəsizliyi Xidməti sözügedən əməllərin törədilməsinin ciddi hüquqi məsuliyyətə səbəb olduğuna dair xəbərdarlıq edərək media subyektlərini və jurnalistləri sosial şəbəkələrdə yayımlanan qeyri-dəqiq, mənbəyi bilinməyən məlumatlardan istifadə etməməyə, vətəndaşları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, sosial şəbəkələrdə yayılan, rəsmi mənbələrə söykənməyən əsassız informasiyalara inanmamağa çağırır.



Xəbər xətti