Rusiyanın Ukraynada törətdiyi qətliamlardan sonra Azərbaycanda RUS BÖLMƏSİNƏ maraq azalacaqmı?

17:23 15 Aprel 2022

24 fevral 2022-ci ildə Rusiya Ukraynaya hücum etdi və bu 51 gün müddətində müharibə ilə yanaşı, ölkə ərazisinə, onun dinc əhalisinə ziyan dəyməsi, Ukraynalı əsirlərin işgəncələrə məruz qalması Rusiyanın simasını yerlə bir etdi. Rusiya bütün dünyada soyqrım törədən dövlət kimi tanındı. Hətta Amerika prezidenti Co Bayden də Buçada baş verənləri soyqrım adlandırdı. Artıq bütün dünya Rusiya əleyhinə sanksiyalara qoşulub, bu dövlətə mənfi münasibət getdikcə artmaqdadır.

Lakin Azərbaycan xalqı bu savaşda nə qədər Ukraynanı dəstəkləsə də, Rusiyaya və rus dilinə meyillilik azalmayıb. Bu məsələ xüsusən də avqust - sentyabr ayında uşaqların məktəbə yazdırılması zamanı  gündəmə gəlir. Bir çox valideynlər övladının rus dilində təhsil almasını istəyir.

Bəzən valideyn özü rus dilində bilmədiyi halda övladının rus dilli olmasının tərəftarı olur. Belə olan halda uşaqlar evdə valideyn köməyindən məhrum olmaqla yanaşı , yaxşı anlamadıqları dildə dərs oxumaqda da çətinlik çəkirlər.

Bəs rus dilinə olan sevginin anlamı nədir? Bütün bu hadisələrdən sonra rus dili bölməsinə maraq gələn ildən azala bilərmi?

Mövzu ilə bağlı  SİTAT.İNFO-ya açıqlama verən millət vəkili Fazil Mustafa bildirdi ki, ümumiyyətlə hansısa dildən imtina deyilən  anlayış olmamalıdır, hər kəs öz ana diliylə yanaşı istədiyi xarici dili də öyrənə bilər: “Nürnberq prosesində Almaniyanı da təzminat verməyə məcbur etdilər, bəşəriyyətə qarşı törədilən cinayətlərdə ittiham etdilər. Buna görə Almaniya böyük zərbə aldı və həm öz ölkəsi, həm də başqa ölkələr dağıldı. Heç kim bu məsələdən  sonra alman dilindən imtina etməklə bağlı mövzunu gündəmə gətirmədi. Roma da vaxtilə bir çox ərazini tutdu, dağıtdı. O zaman heç kim latın dilindən imtina etmədi. Ona görə də bu məsələləri müzakirəyə çıxartmaq doğru deyil. Elə insanlar var ki, öz ana dilləri ilə yanaşı başqa dillərdə də təhsil almaq istəyir. Bu onun öz seçimidir. Ya da kitab tərcümə etmək üçün xarici dildə oxumaq istəyir. Ona görə də insanları seçim qarşısında qoymaq yanlışdır.”

Rusiya-Ukrayna müharibəsində Rusiyanın işğalçı mövqedə olduğuna baxmayaraq, bu məsələni dildən ayırmaq lazımdır: “Rusiya işğalçılıq siyasəti ilə özünə böyük zərbə vurdu və dünya üçün müəyyən təhlükə olduğunu göstərdi. Rusiyanın atdığı hər hansı addımın rus dili ilə əlaqələndirilməsi yanlışdır. Bu gün Rusiyada bu gün rus dilində danışan adamları özlərinin elektoral qüvvəsi sayırlar və hansısa ölkəyə müdaxilə edəndə bu faktordan istifadə edirlər. Amma Ukrayna məsələsindən sonra bu tezis də gündəmdən çıxdı. Çünki belə bir işğalın əsas səbəbi rusdilli əhalini qorumaq idi. Lakin Ukraynada Rusiyaya qarşı savaşanların əksəriyyəti rusdillidir. Bu halda dil məsələsini belə gündəmə gətirmək yanlışdır”.

Deputat onu da qeyd edib ki, Azərbaycanda bütün məktəblərdə tədris Azərbaycan dilində olmalıdır: “Həmin məktəblərdə şagirdlər üçün ikinci, üçüncü dil (rus dili, ingilis dili, alman dili və s. ) seçimi imkanı olmalıdır. Bu məsələləri bir-birinə qarışdırmaq olmaz. Burada Təhsil nazirliyinin də mövqeyi düzgündür. Azərbaycanlı ailəsinizsə, çalışın övlandlarınız ana dili olan  Azərbaycan dilində dərslərini öyrənsinlər”.

Safura Bənnayeva

SİTAT.İFNO



Xəbər xətti