Məlum olduğu kimi Azərbaycanda məktəbəqədər təhsil həm dövlət, həm də özəl müəssisələr tərəfindən həyata keçirilir. Özəlin müəssisələrin ödənişli olması bəllidir. Dövlətin məktəbəqədər müəssisələri ödənişsiz olsa da, azyaşlı uşaqlar bağçaya qəbul olunarkən valideynlərdən qeyri-rəsmi birdəfəlik ödəniş tələb olunur. Bununla yanaşı əksər bağçalarda aylıq 30, 40 və ya 50 manat pul yığılır.
Bu vəsaitlər hansı əsasla yığılır, hara gedir deyə suallar da var. 2011-ci ildən bəri bağçalar yerli icra hakimiyyətinin tabeliyində olduğundan bu vəsaitləri onlar yığırdı. Əvvəlcə müraciət edən valideynə boş yerlərin olmadığını deyir, daha sonra isə müəyyən üsullarla, üstüörtülü şəkildə 300-500 manat məbləğində pul tələb olunurdu. 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bağçaların Təhsil Nazirliyinin tabeliyinə verilməsi haqqında sərəncam imzaladı və bağçalar nazirliyin tabeliyinə keçdi. Təhsil Nazirliyi bu istiqamətdə müəyyən islahatlar aparır.
Bəs görəsən, uşaq bağçasına uşaq qəbulu üçün alınan ödənişlər ləğv olunacaqmı? Aylıq olaraq valideynlər vəsait ödəməkdə davam edəcəkmi?
Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirdi ki, 2011-ci ildə uşaq bağçaları icra hakimiyyətinin tabeliyinə verildikdən sonra uşaq bağçaları və körpələr evinə işə qəbul zamanı heç bir şəffaflıq görülmədi: “ Hal-hazırda ölkədə 1693 uşaq bağçası fəaliyyət göstərir və burada 123 min uşaq təlim-tərbiyə prosesinə cəlb olunub. Həmin uşaqlarla 36 minə yaxın işçi çalışır. Etiraf edək ki, bu qədər işçinin işə qəbulu qeyri-şəffaf formada həyata keçirilib.”
Uşaq bağçalarının icra hakimiyyətindən alınıb təhsil nazirliyinin tabeliyinə verilməsi məsələsinə toxunan ekspert bu istiqamətdə ciddi işlərin görüləcəyini vurğuladı: “Birincisi uşaqların bağçalara qəbulu elektron formada olacaq. Məktəbəqədər qruplar və birinci siniflərin qəbulu prosesi elektron şəkildə həyata keçirildiyi üçün bunun kifayət qədər müsbət göstərici olduğunu gördük. Çünki uşaqların qəbulu zamanı əsassız tələblər olurdu. İkincisi tərbiyəçilərin, rəhbər heyətin işə qəbul prosesidir və bu da yeni qaydalarla, şəffaf həyata keçiriləcək. Bu kifayət qədər yaxşı haldır. Həm gənclərin, həm də ixtisaslı kadrların işə qəbul prosesinə daha diqqətli yanaşılacaq və peşəkar şəxslər işə götürüləcək”.
K.Əsədov gənclərin bu ixtisas üzrə işə qəbul zamanı müəyyən problemlərin yarandığını və bu məsələnin tezliklə aradan qaldırılacağını qeyd etdi: “ Digər bir məsələ isə ondan ibarətdir ki, 2017-ci ildə qəbul edilmiş məktəbəqədər təhsil haqqında qanuna əsasən bu ixtisas üzrə yalnız ali və orta təhsilli şəxslər işə götürüləcək. Düşünürəm ki, imtahan prosesində iştirakçıların psixologiyalarını, uşaqlarla işləmə metodlarını yoxlamalıyıq ki, uşaqlarla daha hazırlıqlı gənclər işləyə bilsinlər.”
“Digər problem qida menyusunun vaxtında və keyfiyyətli çatdırılmasıdır. Ümid edirəm ki, bu istiqamətdə də mövcud problemlər aradan qaldırılacaqdır” -deyə təhsil eksperti bildirib.
K.Əsədov onu əlavə edib ki, Təhsil Nazirliyinin həyata keçirdiyi bütün işlər şəffaf və əlçatandır: “ Daha savadlı şəxslərin işə qəbuluna yönəlmiş bu proses Azərbaycanda məktəbəqədər təhsilin inkişafına öz müsbət təsirini göstərəcək. Çünki 10 il ərzində bu prosesin şəffaf həyata keçirilməməsi bir çox hallarda uşaq baçğalarının özəlləşdirilib satılmasına səbəb olurdu. Hesab edirəm ki, Təhsil Nazirliyi mövcud problemləri qısa müddətdə aradan qaldıracaq”.
Safura Bənnayeva
SİTAT.İNFO