İran İsraillə gərginliyə getmək niyyətində deyil – Abdullahian

14:35 20 Aprel 2024

İsrail tərəfi yeni addım atmadığı halda, İran İsraillə gərginliyə getmək niyyətində deyil.

Sitat.info, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian verdiyi açıqlamada deyib.

Onun sözlərinə görə, lakin İsrail İranın mənafeyinə qarşı addım atarsa, İranın növbəti cavabı dərhal və maksimum şəkildə olacaq.

İranlı nazir 19 aprel gecə saatlarında İsrailin İrana hücum etməsi ilə əlaqədar yayılan xəbərlərə cavab olaraq bildirib ki, ötən gecə baş verən hadisədə heç bir hücum yox idi.

"İsfahan şəhərində vurulan kvadrokopterlər elə şəhərin özündən havaya qaldırılıb. Bu kvadrokopterlər oyuncaq həddində idi. Həmin kvadrokopterlərdən İranda uşaqlar istifadə edirlər.

İranın İsrailə raket və PUA hücumuna gəldikdə, İran sadəcə xəbərdarlıq etmək istəyirdi. İran Hayfa, Təl-Əvivi, İsrailin bütün limanlarını vura bilərdi. Lakin İran Dəməşqdəki səfirlik binasına hücumda istifadə olunan iki hərbi bazanı hədəf aldı. İran öz mənafeyi və milli təhlükəsizliyini müdafiə etmək üçün iradəyə sahib olduğunu dünyaya nümayiş etdirmək istəyirdi”, - deyə o qeyd edib.



Xəbər xətti