Rusiya müdafiə nazirinin müavini Timur İvanova qarşı açılan iş digər Rusiya rəsmilərinə də təsir edə bilər. Ümumilikdə korrupsiya Rusiya ordusunun əsas problemlərindən biri olaraq qalır.
Sitat.info xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi X sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, Sergey Şoyqunun birinci müavini Ruslan Salikov FTX tərəfindən dindirilib:
“Salikov İvanovun himayədarı adlanır. O, faktiki olaraq Rusiya Müdafiə Nazirliyində nazir Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovdan sonra üçüncü şəxsdir. Salikovun Şoyqu ilə əlaqələri lap çoxdan başlayıb. O, Şoyqunun rəhbərliyi altında Rusiyanın Mülki Müdafiə və Fövqəladə Hallar Nazirliyində işləyib, sonra onun ardınca əvvəlcə Moskva vilayətinin qubernatorunun ofisinə, 2012-ci ildə isə Müdafiə Nazirliyinə qədər gedib. İvanov işinin Rusiyanın maliyyə naziri Anton Siluanova da toxuna biləcəyi ehtimalı var. Müdafiə Nazirliyinin tikinti qurumları Siluanov üçün ev tikiblər. Rusiya Müdafiə Nazirliyində korrupsiya əsas problemlərdən biridir. 2019-cu ildə Rusiyanın hərbi prokuroru Valeri Petrov bildirmişdi ki, korrupsiya hüquqi dövlətdə əksər problemlərin köküdür. Xüsusilə Ukrayna münaqişəsinin başlanğıcında Rusiyanın zəif fəaliyyət göstərməsinə səbəb korrupsiya faktoru olub. Söhbət vaxtı keçmiş rasionlardan və keyfiyyətsiz təkərlərdən gedir, yanacağın oğurlanması ilə bağlı da məlumatlar var idi”.