AQTA: 29 müəssisədə nöqsanlar aşkarlandı

18:30 10 May 2024

Qida Təhlükəsizliyi Agentliyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi ilə əlaqədar nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Sitat.info-ya verilən məlumata görə, mayın 8-da aparılan monitorinqlər zamanı 12 ticarət və 17 ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanlar qida təhlükəsizliyi qeydiyyatının alınmasına dair çıxarışın yoxluğu, məhsulların minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərinin mövcud olmaması, izləmə sisteminin (QR kod) tətbiq olunmaması, mal qonşuluğu prinsipinin pozulması, temperatur rejiminin gözlənilməməsi, süd məhsullarının tələblərə uyğun etiketlənməməsi, vitrində yerləşdirilməməsi və xüsusi işarələrin qoyulmaması, etiket məlumatları və mənşəyi məlum olmayan məhsulların mövcudluğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qeyri-qənaətbəxş vəziyyəti, mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin aparılmaması, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi və sanitar geyimlə təmin edilməməsi və sair səbəblərlə əlaqədardır.

Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı məsul şəxslərə icrası məcburi göstərişlər verilib.

Nəzarət tədbirləri COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar ölkəyə gələcək xeyli sayda xarici qonaqlara yüksək səviyyədə və təhlükəsiz qidalanma xidmətlərinin göstərilməsi məqsədilə həyata keçirilir.



Xəbər xətti