Daha bir dövlət S-400 raketlərinə sahibləndi: ABŞ-ın etirazına məhəl qoyulmadı!

11:47 18 Aprel 2022

"Moskva Dehli ilə keçmiş illərdə imzaladığı sazişə görə Hindistana S-400 raketlərini çatdırıb. Bir müddət əvvəl Rusiyadan eyni raketləri alan Türkiyə kimi Hindistan üçün də hava sahəsini qorumaq vacibdir. Hindistana əsas təhlükə Çindəndir. İki ölkə arasındakı sərhəddə gərginliyin azalmaması da bundan xəbər verir".

SİTAT.İNFO xəbər verir ki, bu sözləri politoloq, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. 

Onun sözlərinə görə, Dehli S-400 raketlərini Hindistanın hansı hissəsində yerləşdirəcəyinə dair rəsmi məlumat yaymayıb: "Ancaq Hindistan mətbuatı həmin raket kompleksinin Çinlə sərhədin Himalay dağları hissəsində yerləşdirəcəyinə dair məqalələr yayımlayırlar. Raketlərin Hindistanla sərhəddəki Pəncab ştatında yerləşdirəcəyi ehtimalı da var".

E.Şahinoğlunun fikrincə, ABŞ Hindistanın Rusiyadan S-400 raketlərini almasının əleyhinə idi: "ABŞ prezidenti Co Bayden Hindistanın baş naziri Narendra Modiyə bu haqda fikirlərini açıq bildirmişdi. Bundan sonra Dövlət Departamenti və Pentaqon da hindli həmkarlarını xəbərdar etmişdilər. Əslində Dehli S-400 raketləri xaricində Rusiyadan digər hərbi texnikasına marağı azalıb. Halbuki, Hindistan keçmiş illərdə SSRİ-dən və Rusiyadan hərbi texnika alan əsas ölkələrin başında idi. Misal üçün Dehli Moskva ilə 10 il əvvəl imzaladığı sazişə baxmayaraq, Rusiyadan 80 hərbi helikopterin alışından imtina edib. Hindistan son illərdə hərbi texnika alışında Qərb texnologiyalarına üstünlük verir. Rusiyanın hərbi texnikasının Ukraynadakı durumu Hindistan və bənzəri ölkələri Kremllə hərbi sahədə əməkdaşlığa marağını daha da azaldır".

Politoloq onu da diqqətə çatdırdı ki, Dehli Ukraynadakı işğalçı müharibəyə görə Rusiyanı tənqid etmir, BMT-də Rusiyanın əleyhinə səs vermir: "Dehli Rusiya ilə Qərb arasında balanslı siyasətə üstünlük verir. Buna baxmayaraq, Dehli Çinin bölgədə artan hərbi gücü qarşılığında ABŞ-la əməkdaşlığı genişləndirir. Moskvanın Pekinlə Dehlini barışdırmaq səyləri nəticə vermədi. Bu baş versəydi Dehlinin ABŞ-la yaxınlaşmasına ehtiyac qalmazdı. Ancaq Pekinin aqressiv siyasəti Moskvaya Çinlə Hindistanla barışdırmağa imkan vermir".

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti