24 fevral 2022-ci ildə Rusiya Ukraynaya işğalçı hücuma başladı. Rusiya Prezidenti Vladimir Putin hər nə qədər bu müharibəni hərbi əməliyyat adlandırsa da, başqasının torpağını işğal etmək, dinc əhalini qətlə yetirmək elə tam da işğal faktıdır. Müharibənin davam etdiyi bu müddət ərzində Ukraynanın bir neçə şəhərinin infrastrukturu dağıdıldı, əhalisi kütləvi qətliama məruz qaldı. Rusiya da çox ciddi hərbi itki verdi, 20 mindən çox hərbçisinin həlak olduğu deyilir. Eyni zamanda hər iki ölkənin yüzlərlə əsgər və zabiti döyüşlərdə həlak olub.
CNN-in yaydığı məlumatda “Rusiya Ukrayna ilə müharibə strategiyasına yenidən baxıb, diqqətini ölkənin şərqindəki Donbas və digər bölgələrə nəzarəti ələ keçirməyə yönəldib. Müharibənin başlamasından 1 aydan çox vaxt keçsə də, Rusiya quru qoşunları döyüşdükləri ərazilərə nəzarəti saxlaya bilmir. Rusiya Prezidenti Vladimir Putin qələbəni nümayiş etdirmək üçün təzyiq altındadır və Ukraynanın şərqi onun bunu tez bir zamanda edə biləcəyi yerdir. Mayın 9-u Rusiya təqvimində mühüm bayramdır, ölkənin İkinci Dünya müharibəsində nasistlərin təslim olmasını Kremlin qarşısındakı Qırmızı meydanda böyük bir qoşun və hərbi texnika paradı ilə qeyd etdiyi bir gündür. Rəsmilər bildirirlər ki, Putin həmin gün Ukrayna ilə müharibədə əldə edəcəyi hansısa qələbəni qeyd etmək istəyir” – bildirilib.
Bəs son döyüşlər müharibənin gedişini necə dəyişəcək?
SİTAT.İNFO-ya mövzu ilə bağlı açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirir ki, Rusiyanın hücumlarının artması və Rusiyanın aqressivləşməsi təəccüblü deyil: “Məsələ ondan ibarətdir ki, Ukrayna müqavimət göstərdikcə və Ukraynaya Qərb dövlətlərinin dəstəyi artqca təbii ki, Rusiyada aqresivləşəcək. Rusiya siyasi hakimiyyətinin aqressivləşməsinə son vaxtlarda müharibənin gedişində Rusiyanın nüvə silahlarından istifadə edə biləcəyi fikrini nümunə kimi çəkmək olar. Nəzərə alsaq ki, Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə bağlı müxtəlif iddialar var, bu da onu deməyə imkan verir ki, ümumiyyətlə hərbi-siyasi hakimiyyət az qala başını itirmiş vəziyyətdədir. Artıq soyuqqanlı davrana bilmir və ola bilsin ki, bu cür hücumların intensivləşməsi məhz onun göstəricisidir".
K.Novruzov bildirib ki, Rusiyanın 9 mayda qələbə qazanacağına inanmır: “Bəlkə də həmin tarixdə daxildə hansısa hadisə baş verə bilər və onlar da qeyd edərlər. Qeyd olunmalı nə var ki? Rusiya getdi başqasının torpağına hücm etdi və orada da fiaskoya uğradı. Bu mənada qeyd ediləsi heçnə yoxdur.”
Kənan Novruzovun sözlərinə görə müharibənin gec bitməsinin bir neçə səbəbi var: "Mən əvvəl müharibənin tez bir zamanda bitəcəyini düşünürdüm, amma, artıq belə fikirləşmirəm. Bunun bir neçə səbəbi var. Birincisi Putin deyir ki, biz hələ məqsədimizə çatmamışıq və məqsədimizə çatanda hərbi əməliyyatlar bitəcək. İkincisi, Avropa Ukraynaya ağır silahlar verməkdədir. Yəni Ukraynanın geri çəkilməsinə imkan vermir. Bu da başa düşüləndir. Çünki Avropanın istəyi Rusiyanın zəifləməsidir. Üçüncüsü, artıq Zelenski özü də başa düşür ki, müharibə uzun çəkəcək. Təsadüfi deyil ki, çıxışlarının birində Zelenski Rusiya ilə müharibəyə hələ 10 il də hazır olduğunu bildirmişdi. Görünür ki, müharibə uzun çəkəcək".
Siyasi şərhçi bildirdi ki, son döyüşlər nəyisə praqnozlaşdırmaq üçün kifayət deyil : "Rusiyanın intensivləşməsi o demək deyil ki, Rusiya Ukraynada istədiyi məqsədə çatacaq. Faktiki olaraq Üçüncü Dünya Müharibəsi gedir. Müharibənin taleyinin necə olacağını demək çətindir. Rusiya bu müharibədən qalib və ya məğlubda çıxsa ən böyük zərər elə özünə dəyir. Bu zərbənin miqyası getdikcə daha da böyüyəcək".
Safura Bənnayeva
SİTAT.İNFO