İlham Əliyev keniyalı həmkarını təbrik etdi

16:00 29 May 2024

Prezident İlham Əliyev Keniya Respublikasının Prezidenti Uillyam Samoei Rutoya təbrik məktubu ünvanlayıb.

Sitat.info məktubun mətnini təqdim edir:

"Hörmətli cənab Prezident,

Azərbaycan Respublikası ilə Keniya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü ilə əlaqədar Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edir, ən xoş arzularımı çatdırıram.

İyirmi illik dövr ərzində ölkələrimiz arasında formalaşmış dostluq münasibətləri bir sıra sahələrdə əməkdaşlığımızın inkişaf etdirilməsi üçün əlverişli imkanlar açmışdır. Eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim. 2022-ci ildə Azərbaycanın Nayrobidə səfirliyinin təsis edilməsi ikitərəfli əlaqələrimizin yeni müstəviyə keçməsinin bariz nümunəsidir.

Biz Keniya ilə dövlətlərarası münasibətlərimizi genişləndirmək və əməkdaşlığımızı yeni məzmunla zənginləşdirmək əzmindəyik. İnanıram ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Keniya əlaqələrinin möhkəmləndirilməsi, ikitərəfli qaydada və çoxtərəfli müstəvilərdə, xüsusilə də COP29 çərçivəsində əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost xalqınıza firavanlıq və tərəqqi arzulayıram".



Xəbər xətti