Paşinyan "iki od arasında" qalıb: "Şantajla nələrsə əldə etməyə çalışacaq"

17:12 19 Aprel 2022

"Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya aprelin 19-da, Rusiya paytaxtına başlayan iki günlük səfəri təbii ki, Azərbaycanda da diqqətlə izlənilir. Rusiya prezidenti Vladimir Putinlə görüşdə ümumi şəkildə sənədlər paketinin imzalanacağı açıqlansa da, əminliklə demək olar ki, səfərin əsas müzakirə mövzularından biri Ermənistan-Azərbaycan münasibətlərinin bundan sonrakı taleyi olacaq".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında siyasi şərhçi Elşad Paşasoy deyib.

Onun sözlərinə görə, artıq iki aya yaxındır başı Ukraynaya qarışan Moskva Qarabağla bağlı prosesləri, yaxud İrəvan-Bakı münasibətlərinin gedişatına nəzarəti əldən vermək niyyətində olmadığını hər vəcdlə nümayiş etdirməkdədir: "Bu mənada Paşinyanın “odla –su arasında” , bəlkə də elə “iki od arasında” qaldığını söyləmək olar. Söhbət Avropa İttifaqı ilə Rusiya arasında gedən rəqabətdən gedir. Hər iki güc mərkəzi Ermənistanı qazanmaq uğrunda mübarizə aparmaqla yanaşı, həm də 30 ildən çox müddətdə davam etmiş konfliktin yekun mərhələsində tarixə öz adını yazdırmağa çalışırlar".

Siyasi şərhçi xüsusi bir məqama diqqət çəkir: "Diqqət edin, Rusiya səfərindən əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanla Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında telefon danışığı oldu. Düzdür, Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti telefon danışığında 6 aprel tarixdə, Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldə keçirilən görüşdə əldə olunmuş razılaşmaların həyata keçirilməsini, həmçinin Ermənistan-Avropa İttifaqı münasibətlərinin gündəliyinin müzakirə olunduğunu açıqlayıb. Amma bu açıqlama elə də ciddi səslənmir, 6 apreldə keçirilən görüş niyə Paşinyanın Moskva yolçuluğuna hazırlaşdığı saatlarda yada düşdü? Yaxud Avropa İttifaqı-İrəvan münasibətləri haqda elə Brüssel görüşündə, yaxud ondan sonrakı həftə ərzində də geniş danışmaq imkanı var idi. Bu mənada belə qənaətə gəlmək olar ki, əslində bu, Şarl Mişelin Moskvaya “cavab zəngi” də adlandırıla bilər. Xatırladaq ki, Brüssel səfəri ərəfəsində də - 1 apreldə - Moskvadan, prezident Putindən İrəvana zəng gəlmişdi. Brüssel görüşündən üç gün sonra isə Paşinyan Moskvaya telefon açıb, Rusiya prezidentini nəticələrlə bağlı məlumatlandırdı. Görünən budur: həm Moskva, həm də Avropa İttifaqı Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsində təşəbbüsü əldən vermək istəmir, odur ki, Paşinyana “yaddaşını təzələmək” üçün vaxtaşırı telefon açırlar. Belə bir durumda N.Paşinyan üçün ən optimal yol Azərbaycanla birbaşa danışıqlara üstünlük vermək və Bakının şərtlərinə şərtsiz əmək etməkdir".

E.Paşasoy xatırladır ki, Azərbaycan Prezidenti ötən müşavirədə Brüssel danışıqlarından bəhs edərkən Ermənistanın təqdim olunan 5 prinsipi qəbul etdiyini, həmçinin Azərbaycanın ərazi bütövlüyünün artıq müzakirə mövzusu olmadığını bəyan etdi: " Amma görünən budur ki, N.Paşinyan 2018-ci ildə olduğu kimi, vədinə xilaf çıxmağa öyrəncəli olduğunu növbəti dəfə nümayiş etdirməyə çalışır. Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə tanıması, Qarabağdakı bir ovuc erməninin “müstəqillik” arzularının gözündə qalacağını anlayan Paşinyan Brüssel görüşündə hər hansı bir nəticə qazana bilmədiyi üçün yenə də üzünü Moskvaya çevirib. Elə Rusiya rəhbərliyinin də Aİ-nin moderatorluğuna qısqanclıqla yanaşaraq, 10 noyabr 2020-ci, həmçinin 11 yanvar və 26 dekabr 2021-ci il tarixli üçtərəfli razılaşmalara əməl edilməsinin vacibliyini davamlı şəkildə vurğulamasını da diqqətdən kənara qoymaq olmaz".

Siyasi şərhçi onu da qeyd etdi ki, Paşinyanın Rusiya səfəri öncəsi müxalifətin, revanşist qüvvələrin yenidən küçələrə tökülməsi – Brüssel görüşü ərəfəsində olduğu kimi – eyni zamanda Ermənistan baş nazirinin Qarabağ separatçılarının başıları Araik Arutyunyanla Vitali Balasanyanı qəbul etməsi sülh sazişini təhlükə altına qoyan təxribatçı hərəkətlərdir: " Özünü “sülhməramlı” libasda göstərməyə çalışan Paşinyan paralel olaraq Qarabağla bağlı yekun sülh müqaviləsinin imzalanmasına qarşı “xalq etirazının olduğu” görüntüsünü yaratmağa və Azərbaycandan nələrsə qopartmağa çalışır. Bu vəziyyət bölgədə əbədi sülhün bərqərar olmasını istəməyən paytaxtların da əlinə işləyir. Əks təqdirdə, Rusiya sülhməramlıları Paşinyanın görüşü ərəfəsində yenə də “erməni zəvvarlar”ın Xudavəng, Gəncəsər məbədlərinə və digər ünvanlara ziyarətini təşkil etməzdilər".

Sİyasi şərhçi vurğuladı ki, Ermənistan rəhbərliyi şantaja əl atacaq: "Paşinyan Rusiyaya verdiyi SU qırıcılarına görə özünü və ölkəsini təhlkəyə atdığını deməklə Putindən hansısa güzəştlər qoparmağa çalışacaq, heç şübhəsiz. Son zamanlar Ermənistan banklarının da Rusiyaya qarşı sanksiyalara qoşulacağını elan etməsi də Kremlə təzyiq vasitəsidir. Kəsəsi, erməniçilik növbəti dəfə şantajla nələrsə əldə etməyə çalışacaq. Amma bu halda Azərbaycanla Rusiya arasındakı müttəfiqlik müqaviləsi, hələ mürəkkəbi qurumadan sual altına düşə bilər. Ən normal addım Qarabağdakı erməni terrorçu qüvvələrinin dərhal bölgədən çıxarılması barədə 10 noyabr üçtərəfli bəyanatının 4-cü maddəsinin icrasını tələb etməkdir. Azərbaycan prezidenti bunu fevral ayında Moskvaya səfəri zamanı, elə Putinlə birgə keçirdiyi brifinqdə qəti şəkildə bəyan etdi. Rusiya kommunikasiyaların açılmasını, Ermənistandakı hərbi bazası ilə daha rahat əlaqənin yaradılmasını istəyir .və bu mənada Zəngəzur dəhlizinin açılmasında da maraqlıdır. Amma Azərbaycana indi Zəngəzur dəhlizinin açılmasından öncə, Qarabağdakı terrorçuların təmizlənməsi, silahların yığılmasıdır. Əgər Moskva və ya Brüssel bu istiqamətdə qəti addım atmasalar, o halda söz “Dəmir Yumruq”un olacaq.

Paşinyanın Moskvaya səfər etdiyi gün Qarabağdakı qondarma “parlament”də təmsil olunan “partiyalar”ın başçılarını qəbul edib. Hələ ki, ağıllı davranışlar müşahidə etmirik və proseslərin xaricdən idarə olunduğu şübhəsizdir. Rusiyaya məxsus hərbi kontingentin Qarabağdakı “ömrü”nü uzatmaq üçün gərginliyin vaxtaşırı tətiklənməsi lazım gələcək, bunu icraçılar yaxşı bilir. Eyni zamanda N.Paşinyanın Moskva hava limanında təmtəraqlı şəkildə qarşılanması da Rusiyanın Ermənistanı ələ almaq niyyətindən qaynaqlanır. Moskva bu məqamda forpostunu heç cür itirmək istəmir. Ukrayna müharibəsi başlayandan Moskvaya tək-tük səfər edən dövlət rəhbərlərindən biri olan Paşinyana qayğı təbiidir".

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti