"SOCAR-ın  ofisi qarşısında təxribatların həyata keçirilməsində SEPAH izi var"- Politoloq

13:35 3 İyun 2024

Xəbər verdiyimiz kimi, cümə günü bir qrup Fələstin tərəfdarı Azərbaycanın neft şirkəti Socarın İstanbuldakı ofisinə hücum edib.

Sitat.info xəbər verir ki, onlar Azərbaycanı İsrailə neft tədarük etməkdə günahlandırıb və bunun dayandırılmasını tələb ediblər.

Etirazçılar binanın divarlarına qırmızı boya töküb və içəri girməyə cəhd ediblər. Mühafizəçilər hücum edənlərin qarşısını almağa və onları binadan uzaglaşdırmaga çalışıb. 

Hadisə ilə bağlı Sitat.info-ya açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, bu hücumu təşkil edənlər İrandakı mərkəzlərin əlinə oynayır: "Təəssüf ki, İranda məlum dairələrin “Azərbaycan İsrailə neft satışını durdurmalıdır”, “Azərbaycan neft satmasa İsrail müharibə apara bilməz” kimi şüarlarına və məqalə başlıqlarına Türkiyədə də inananlar var. Əks halda Türkiyənin ən böyük yatırımçısı olan Azərbaycan Dövlət Neft Şirkətinin İstanbuldakı ofisinə hücum təşkil edilməzdi. Bu hücumu təşkil edən və planlaşdıranlar İrandakı mərkəzlərin əlinə oynayır və Türkiyə-Azərbaycan strateji müttəfiqliyinə kölgə salmağa çalışırlar. Başda Misir olmaqla bir neçə ərəb dövləti də enerji sahəsində İsraillə sıx əməkdaşlıq edir, ancaq onların adlarını çəkən yoxdur. İsraili idarə edənlər də diqqətli olsunlar. Baş nazir Benyamin Netanyahunun oğlunun paylaşdığı “kürd xəritəsində” Azərbaycana ərazi iddiası var və bu təxribatdır. Netanyahunun oğlunun paylaşdığı təxribatçı xəritə SOCAR-a hücum edənlərə pas ötürməsidir. İsrail Xarici İşlər Nazirliyinin bu məsələyə aydınlıq gətirməsinə ehtiyac var".

Politoloq Məhəmməd Əsədullazadə isə vurğulayıb ki, Türkiyədə SOCAR-in  ofisi qarşısında təxribatların həyata keçirilməsi, birbaşa İrana bağlı mərkəzlər tərəfindən idarə edilir: "Ümumiyyətlə, Türkiyə də siyasi qütbləşən cərəyanlar var. Onlar bir neçə ölkənin təsirinə düşən bilir.  İsrailə- Həmas müharibəsini bəhanə edib, iki qardaş ölkə arasında problem yaratmağa cəhd edilir. İran tərəfindən SOCAR-a ofisinə qarşı bu təxribatlar Azərbaycana qarşıdir. Bir müddət bundan əvvəl, İran parlamentinin üzvü Baki-Tiflis-Ceyan neft kəmərini hədəf göstərmişdi. Məhz Husilərin İsrailə qarşı istifadə edilməsini misal çəkərək, Azərbaycana qarşı da bunu edə biləcəklərini vurğulamışdı. Türkiyə də SOCAR-ın ofisinə qarşı təxribatlarda SEPAH izi görülür".

Məğrur,

Sitat.info



Xəbər xətti