Yük avtomobillərindən rüşvət alan yol polisi ifşa edilib.
Sürücülərin 99 YP 258 dövlət nömrə nişanlı yol polisi avtomobili ilə “görüş”ü paytaxtın Qaradağ rayonu Puta qəsəbəsində baş verib.
Daş karxanasından gələn yük avtomobillərinin sürücüləri əsas yola çıxmazda əvvəl yol ayrıcında dayanır. Düşünürsən ki, yəqin, yol polisinə sənədlərini təqdim edəcək, o da qaydasında olub-olmadığını yoxlayacaq. Amma baş verənləri kənardan müşahidə etdikdə məlum olur ki, sürücülər polisə sadəcə “şirinlik” verir. Başqa sözlə desək, dövlət yol polisinin əməkdaşları günün günorta çağı dərə xəlvət, tülkü bəy deyib, xərac yığırlar.
99 YP 258 dövlət nömrə nişanlı yol polisinin bu avtomobili sən demə bu xüsusiyyətinə görə ərazidə məşhur imiş. İstənilən yük avtomobilinin sürücüsü onları “görmədən” hərəkət edə bilməzmiş. Bu hal o qədər adiləşib ki, polis əməkdaşları heç avtomobilindən belə düşmür. Halbuki, qanunvericiliyə görə, proses əksinə baş verməli, polis sürücüyə yaxınlaşıb, qanun tələblərini yerinə yetirməlidir. Görünür, artıq yol polisi həmin ərazidə əməlli-başlı nizam-intizam yaradıb. Hər keçən sürücü qaydalara əməl edir və üzərinə düşən “hörmət”i ödəmədən ötüb keçmir.
Görüntülərlə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, görüntüləri çəkən şəxsin müraciətindən sonra məsələyə baxıla bilər. Buna qədər görüntülərdə rüşvət faktının olması ilə bağlı söz demək mümkün deyil.