Japarovun səfəri: TDT daxili inteqrasiyanı gücləndirir

12:52 20 Aprel 2022

Bildiyimiz kimi, Qırğızıstan 2009-cu ildə yaradılan keçmiş Türk Şurası, hazırki Türk Dövlətləri Təşkilatının qurucu üzvlərindən və Naxçıvandakı tarixi Zirvə Görüşündə təşkilatın təsis edilməsi ilə bağlı sənədə imza atan dövlətlərdəndir. Digər tərəfdən ölkələrimiz hər zaman ən yuxarı səviyyədə ikitərəfli əlaqələrin inkişafına önəm verib.

Bu sözləri TDT-nin (keçmiş Türk Şurası) və Türk PA-nın keçmiş Baş katibi, millət vəkili Ramil Həsən Qırğızıstan Prezidenti Sadır Japarovun ölkəmizə səfərini şərh edərkən deyib.

Millət vəkilinin sözlərinə görə, ikitərəfli səviyyədə və TDT çərçivəsində əlaqələrin mövcud vəziyyəti və gələcəyi ilə bağlı məsələlər prezidentlərin müzakirələrinin əsas predmetini təşkil edir:

“Ölkələrimiz arasında əlaqələrin inkişafı baxımından cənab Japarovun Azərbaycana səfəri xüsusi önəm daşıyır. Çünki ölkələrimizi ortaq tarix və qardaşlıq münasibətləri birləşdirir. Böhran hallarında Azərbaycan Qırğızıstana yanacaq məhsulları da daxil olmaqla, müxtəlif sahələrdə və istiqamətlərində dəstək verib. Eyni zamanda əlaqələrimiz TDT çərçivəsində də uğurla davam edir. Qırğızıstan TDT-nin bütün istiqamətlərində - iqtisadi, siyasi, strateji əməkdaşlıq, mədəniyyət, təhsil, gənclik siyasəti, turizm, gömrük kimi sahələrdə - fəaliyyətində aktivdir. Ona görə də ölkələrimiz arasında həm TDT çərçivəsində, həm də ikitərəfli səviyyədə ortaq maraqların əsas götürülməsi ilə əlaqələrin genişləndirilməsi regionumuz üçün də faydalıdır.

Düşünürəm ki, bu gün keçirilən görüşlərdə TDT çərçivəsində əməkdaşlıq məsələsi də prioritet müzakirə mövzularından olacaq”.

/Axar.az



Xəbər xətti