"Ermənistan mətbuatında bu günlərdə ən çox müzakirə edilən mövzulardan biri də məhz Laçın yoludur. 44 günlük müharibə sonrası imzalanan 10 noyabr bəyanatına görə, bu yol çəkilməli idi və bu gün də bu istiqamətdə işləri sürətlə davam etdirilir. Hətta Həkəri çayı üzərində körpünün tikintisi davam edir".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib.
Onun sözlərinə görə, Ermənistanda bu məsələnin geniş müzakirə edilməsi normaldır: "Çünki bərpa işləri istiqamətində görülən işlər çox surətli aparılır. Yəni onlar nə iləsə bağlı irad bildirmək istəsə də buna gecikirlər. Prinsip etibarilə rəsmi İrəvan özü də anlayır ki, Azərbaycan qərarlı mövqeyindən dönməyəcək. Laçın yolu çox qısa müddətdə hazırkı mərhələyə gəlib çatıb. Ermənistan indiki halda nəsə demək səlahiyyəti yoxdur. Çünki 10 noyabr bəyanatına özü də imza atıb. Hesab edirəm indiki məqamda alternativ Laçın yolu bizə əlavə dividentlər qazandıracaq: Birincisi, bu yolun tikintisi faktiki olaraq Laçın şəhərinə nəzarət imkanı yaradacaq. Düzdür, bu gün də bu şəhər bizə məxsus olsa da Laçın dəhlizinə görə ermənilərin istifadə etdiyi bir yerdir. Laçın yolu istifadəyə veriləndən sonra isə bura azərbaycanlıların məskunlaşması, gediş-gəlişi təmin olunacaq".
T.Rzayev bildirdi ki, Laçın yolu faktiki olaraq Laçın dəhlizini sıradan çıxarır: "Ümumiyyətlə yaxın 5 ildə Laçın dəhlizi deyə bir dəhlizdən danışmaya da bilərik. Çünki Ermənistan yekun sülh müqaviləsində Qarabağın Azərbaycanın ərazisi olduğunu qəbul etməyə məcbur olacaq. Bu zaman Laçın dəhlizinə ehtiyac olmayacaq. Laçın dəhlizi Laçın gömrük postu ilə əvəzlənəcək. Doğru olan da məhz budur. Üçüncüsü, Ermənistanın "Laçın koridoru” adlandırdığı köhnə yoldan Xankəndinə müxtəlif kommunikasiya xətləri gedir. İşıq, qaz, internet və s. yeni yolun icrası sonrasında isə bu funksiyanı da rəsmi Bakı əldə edəcək. Yəni Xankəndiyə qazı da, işığı da, suyu da biz verəcəyik. Burada məsələ erməniləri su, qaz, işıqla təmin etməkdən getmir. Burada əsas məsələ Azərbaycan yuridistikasının bu torpaqlarda bərqərar olmasından gedir. Bunun üçünsə ilk növbədə qazın, suyun, işığın verilişində nəzarətin bizdə olması lazımdır".
Nərgiz,
SİTAT.İNFO