"NATO-nun mövcudluğunu qoruya bilməsində məhz Rusiyanın böyük rolu var. Keçmiş SSRİ dağıldıqdan sonra NATO-nun gələcək taleyi qeyri-müəyyən idi. Ancaq NATO-ya patronajlıq edən ABŞ keçmiş SSRİ-nin əvəzinə Rusiyanı Qərbin əsas düşmənləri sırasına yerləşdirməklə bu hərbi-siyasi alyansın süquta uğramasının qarşısını ala bildi".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Onun sözlərinə görə, son illərdə NATO-nun əhəmiyyəti yenidən azalmağa başlamışdı: "Hətta Avropa Birliyi ölkələri NATO-ya üzvlük haqqı ödəmək əvəzinə ortaq ordunun qurulması ideyasını müzakirəyə çıxartmışdılar. Ancaq Ukrayna savaşının törədilməsi ilə Rusiya faktoru yenidən əsas təhlükə mənbəyi kimi ön plana keçirildi və nəticədə NATO-nun ömrü uzadıldı. Yəni, NATO hazırda əsasən Rusiyaya qarşı düşmənçilik üzərində mövcud olan bir hərbi-siyasi alyansdır".
Şərhçi vurğuladı ki, bu səbəbdən Kremldə NATO-nu Rusiyanın əsas hərbi-siyasi düşməni kimi qəbul edirlər: "Son dövrlərdə NATO Rusiyanın Qərb sərhədlərini tamamilə mühasirəyə alıb. NATO-nun Şərqə Doğru Genişlənmə proqramı Rusiyanın cənub sərhədlərinin də nəzarət altına alınmasına hədəflənib. Yəni son illərdə NATO Rusiyanın sərhədlərinə maksimum səviyyədə yaxınlaşma siyasəti yürüdür. Eyni zamanda, NATO tərəfindən Rusiyanın sərhədlərinə ən yaxın bölgələrdə hərbi bazalar yaradılır, strateji raket kompleksləri yerləşdirilir. Bu isə Rusiyanın milli təhlükəsizlik maraqlarını təhdid edir".
E.Xalidbəyli vurğuladı ki, bu səbəbdən də Kreml Rusiya ilə qonşu olan ölkələrin NATO-ya üzvlüyünə qıcıqla yanaşır: "Buna bütün mümkün vasitələrlə müqavimət göstərib, əngəl törətməyə çalışır. Ukrayna savaşı başlanmazdan öncə də rəsmi Kiyev NATO-ya üzvlük niyyətlərini ciddiləşdirmişdi. NATO Ukraynanı öz sıralarına qəbul etməyə hazır olduğunu sezdirirdi. Hətta bu hərbi-siyasi alyans Ukraynada hərbi bazalar və strateji raket kompleksləri yerləşdirmək niyyətlərinin olduğunu da qətiyyən gizlətmirdi. Kremldə hesab edirdilər ki, əgər, bu, baş verərdisə, paytaxt Moskva da daxil olmaqla, Rusiyanın bütün strateji bölgələri NATO-nun hədəfinə çevrilə bilərdi. Nəticədə Kreml bütün bunları – Rusiyanın təhlükəsizliyinə təminat verilməsi tələblərinin mənfi cavablandırılmasını bəhanə edərək, Ukraynaya qarşı savaşa başladı".
Siyasi şərhçi onu da diqqətə çatdırdı ki, indi Rusiyanın şimal-qərb sərhədlərində təxminən oxşar situasiya yaranmağa başlayıb: "Belə ki, adətən, NATO-ya üzvlükdən yayınmağa çalışan Finlandiya və İsveç artıq bu hərbi-siyasi alyansa üzvlük məsələsini ciddi şəkildə gündəmə gətiriblər. Yaxın gələcəkdə bu iki dövlət NATO-nun üzvünə çevrilə bilərlər. Bu, baş verərsə, Rusiyanın şimal-qərb sərhədləri də NATO-nun nəzarəti altına keçmiş olacaq. Eyni zamanda, Rusiyanın bütün qərb sərhədlərinin mühasirə prosesini yekunlaşdırılacaq.
Ona görə də, Kreml Rusiyanın hər hansı qonşusunun NATO-ya üzvlüyünü özünə qarşı təhlükə kimi qəbul edir. Bunu NATO-nun Rusiyaya düşmənçilik siyasəti olaraq, dəyərləndirir. Ancaq nə qədər müqavimət göstərməyə çalışsa da, NATO-nun Rusiyanı mühasirəyə alması ilə bağlı prosesi əngəlləməyi bacarmır".
Nərgiz,
SİTAT.İNFO