Həcc ziyarətində ölənlərin sayı 1300-ü keçdi: Əksəriyyəti ölkəyə icazəsiz keçənlərdir...

13:20 24 İyun 2024

Məkkədə havanın temperaturu 50 dərəcəni keçib.  Səudiyyə Ərəbistanı rəsmiləri Həcc ziyarəti zamanı ən azı 1301 nəfərin həyatını itirdiyini bildirib.

Sitat.info xəbər verir ki, Səudiyyə Ərəbistanı rəsmiləri bu il Həcc ziyarəti zamanı ən azı 1301 nəfərin öldüyünü, onların əksəriyyətinin şiddətli istidə uzun məsafələri piyada getmiş icazəsiz zəvvarlar olduğunu açıqlayıb.

ünyanın ən böyük kütləvi ibadət ayini olan Həcc ziyarəti hər il milyonlarla insanı Səudiyyə Ərəbistanına gətirir. Kifayət qədər maddi imkanı və fiziki gücü olan müsəlmanların həyatlarında bir dəfə etməli bu səfər ötən həftə rəsmən başa çatdı. Builki ziyarətdə  havanın temperaturu bəzən 50 dərəcəni keçən istidə baş tutdu. 
Səudiyyənin rəsmi xəbər agentliyi SPA, ölənlərin 75-80 faizinin  Həccdə olmaq üçün lazımi rəsmi icazəsinin olmadığını və birbaşa günəş işığı altında qorunmadan gəzdiyini bildirib. O əlavə edib ki, ölənlərdən bəziləri yaşlılar və ya xroniki xəstələrdir.
Səhiyyə naziri Fəhd Əl-Cəlajel bildirib ki, temperaturun yüksəlməsi zamanı olan təhlükələr və ehtiyat tədbirləri ilə bağlı maarifləndirmə işləri aparılır. O, sağlamlıq mərkəzlərində  təxminən yarım milyon zəvvarın müalicə edildiyini, onlardan 140 mindən çoxunun icazəsinin olmadığını bildirib.

Səudiyyə Ərəbistanı, xüsusilə kondisionerli çadırları və rəsmi Həcc nəqliyyatına çıxışı olmayan qeydiyyatdan keçməyən zəvvarlar üçün Həcc ziyarətini daha təhlükəsiz edə bilmədiyi üçün tənqid edilib.

Səudiyyə Ərəbistanının səhiyyə naziri bundan əvvəl bildirib ki, “Ziyarətlərin çoxluğuna və yüksək temperaturun yaratdığı çətinliklərə baxmayaraq, Həcc mövsümündə heç bir epidemiya və ya əhalinin sağlamlığı üçün təhlükə müşahidə olunmayıb”.

Səudiyyə rəsmiləri bu il namaza təxminən 1,83 milyon zəvvarın qatıldığını, onlardan 1,6 milyonunun xaricdən gəldiyini açıqlayıb. Xarici ziyarətçilər arasınd a çoxluq pakistanlılar, iordaniyalılar və tunislilər də olub.

BBC bu il Həcc ziyarəti zamanı bu qədər insanın ölümünə səbəb ola biləcək amilləri araşdırıb.
Kölgədə temperaturun 51,8 dərəcə selsiyə çatdığı Səudiyyə Ərəbistanında qızmar istinin ölüm sayının artmasında əsas amil olduğu güman edilir. Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyinin istilərə məruz qalmamaq barədə xəbərdarlıqlarına baxmayaraq, bir çox zəvvar günvurmanın qurbanı olub.
Ərəb diplomatı bildirib ki, ölən 658 misirlinin demək olar ki, hamısının ölümü həddindən artıq istilərlə bağlıdır. Bu zəvvarların çoxunun lazımi Həcc icazəsi olmadığı üçün müvafiq  resurslara çıxışı çətinləşib və istidən qoruna bilməyiblər.  

Hacılar isə BBC-yə danışarkən bildiriblər ki, Səudiyyə Ərəbistanının təşkilatçılığı çox zəif, yolda yaratdığı polis nəzarəti və məhdudiyyətlər isə çox güclüdür. Çadırlarda çox ciddi sıxlıq var və günəş altında olan çadırların kondisionerləri yoxdur. Yeməklər gec verilir, kilometrlərlə uzanan yolda təcili yardım məntəqələri yoxdur. Vəziyyəti pisləşənlərə müdaxilələr gecikir. Eyni zamanda yollarda geri dönüş imkanları yaradılmayıb və halı pisləşənlər geri dönmək üçün kilometrlərlə getməli olurlar. Yaşlı və xəstə insanlar üçün ictimai nəqliyyat yox vəziyyətindədir. İctimai tualetlər çox az olduğundan insanlar uzun müddət gözləməli olurlar. Səudiyyə hökuməti hər nə qədər məsuliyyəti üzərindən atmağa çalışsa da, icazə ilə gedən , hətta yetərincə pul ödəyən zəvvarlar da çox ciddi problemlərlə üzləşirlər. 

Digər tərəfdən iqlim dəyişikliyi səbəbindən yandırıcı istilərin ölümcül təsirləri də artıb və  bu da həyatını itirənlərin sayının artmasına gətirib çıxarır. 

Qeyd edək ki, müsəlmanlar arasında müqəddəs torpaqlarda dünyasını dəyişmək şərəfli ölüm hesab edilir və çox yaşlı insanların Həcc ziyarətinə getməsinin bir səbəbi də bu olur. Həccdə ölənlər bütün xərcləri Səudiyyə hökuməti tərəfindən qarşılanmaqla dini qaydalara uyğun o torpaqlarda dəfn edilir və yerləri müəyyənləşdirilir. Ailələri Həccə gəldikləri zaman burada qohumlarını ziyarət edə bilirlər. 

Seymur,

Sitat.info



Xəbər xətti