Laçın dəhlizi yaxın vaxtlarda bağlana bilər: Xankəndiyə addım-addım necə daxil olacaq?

13:48 21 Aprel 2022

44 günlük vətən müharibəsində qazanılan qələbədən sonra Ermənistanla Azərbaycan arasında 10 noyabr üçtərəfli sazişi imzalandı. Bu sazişə əsasən Qarabağda Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə yaşayan ermənilərin Ermənistanla  əlaqəsinin, kommunikasiya xətlərinin təmin olunması üçün Laçın dəhlizi açıq saxlanıldı və sülhməramlıların nəzarətinə verildi.

Bu razılaşmanın digər bir şərti isə o idi ki, Laçın dəhlizinə alternativ yol çəkilsin və bundan sonra müvəqqəti dəhliz qapadılsın, Laçın şəhəri bütövlükdə Azərbaycanın nəzarətinə keçsin. Hazırda alternativ Laçın yolu tam sürətlə çəkilməkdədir.

Bu yol çəkildikdən sonra, Laçın dəhlizi bağlanacaq və paralel olaraq Ermənistandan gələn kommunikasiya xətləri və təminatlar da kəsiləcək. Bəs Azərbaycan Qarabağda, erməni əsilli əhalinin yerləşdiyi ərazilərdə öz suverenliyini bərpa etmək üçün hansı sosial-iqtisadi proqramlar həyata keçirməlidir?

Laçın yolunun çəkilməsi ilə Laçın dəhlizinin, Ermənistan tərəfdən gələn kommunikasiyaların bağlanması, Azərbaycanın öz ərazisi olan Xankəndiyə kommunal xidmətləri həyata keçirməsi mümkün olacaqmı?

Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən deputat Fazil Mustafa bildirib ki, Azərbaycan bu istiqamətdə təşəbbüskar rolunu öz üzərinə götürməlidir: "Onun sözlərinə görə, təkcə dövlət xətti ilə deyil, qeyri-hökumət təşkilarları xətti ilə də bu prosesi aparmalıdır: “Elmi və digər istiqamətlərdə də çalışmalıyıq ki, müəyyən diskusiya mühiti formalaşsın. Yeni bir siyasətin izlənməsini həyata keçirək. Çünki, burada olan insanlar hələ terror təhlükəsi altındadırlar, terrorçu qüvvələr tərəfindən idarə olunurlar. Öz fikirlərini ifadə etmək imkanında deyillər”.

Deputatın fikrincə, Azərbaycanın qətiyyətli mövqeyi bir daha Ermənistana və dünya ictimaiyyətinə çatdırılmalıdır ki, heç bir status verilməyəcək və tamamilə yeni münasibətlərin formalaşması nəzərdə tutulub: “Birinci növbədə təbii ki, təhlükəsizliyin təmin olunması əhəmiyyətlidir. Qarabağda yaşayan ermənilərin bir çoxu Azərbaycanın tabeliyi altında öz təhlükəsizliyinin necə olacağı barədə düşündüyünə görə, hələ Azərbaycan vətəndaşlığına reaksiya vermirlər. Digər qismi isə hansısa statusun olub-olmamasını gözləyirlər. Lakin bu olmayacaq. Status olmaması o demək deyil ki, onlar ölkəmizdə pis yaşayacaqlar. Lazımi şəraitdə, normal şərtlərdə həyatlarını davam etdirəcək, öz mədəni varlıqlarını sürdürəcəklər. Azərbaycan bunu dəfələrlə ölkə prezidenti səviyyəsində bəyan edib. Buna görə də bu məsələdə hər hansı bir tərəddüd də yoxdur”.

F. Mustafa onu da vurğuladı ki, biz Qarabağda yaşayan ermənilərlə yanaşı, Ermənistanın özü ilə də münasibətlərin yeni müstəvidə qurulması istiqamətində təşəbbüslərlə çıxış etməliyik: “Əminəm ki, belə bir məsələ olarsa başqa situasiya yaranacaq və vasitəçilər olmadan bir çox məsələni dialoqla müzakirə etmək mümkün olacaq. Çünki Ermənistanın da maraqlarına cavab verə biləcək bir düşüncəni o cəmiyyətə çatdırmalıyıq. Ermənistan müharibə, işğalçılıq və başqa ritorikaları yığışdırdıqdan sonra aramızda problemləri həll etmək üçün ciddi prespektivlər yaranır”.

Deputat qeyd etdi ki, Azərbaycan cəmiyyətinin potensialını bütünlüklə bu prosesə cəlb etsək, daha faydalı təşəbbüslər olacaq və bu problemi də yaxın zamanlarda həll etməyə nail olacağıq:  Çünki əvvəl-axır biz Ermənistan vətəndaşları ilə elə bir mühit yaratmalıyıq ki, onlar da bu vəhşi, irqçi siyasətin sonunun olmadığını anlasınlar. Bilsinlər bunun ən böyük zərbəsi elə özlərinə dəyir”.

Deputat hesab edir ki, Qarabağ erməniləri ilə bağlı tam fərqli bir siyasət izlənilməlidir: “Erməni əsilli Azərbaycan vətəndaşlarının prespektivi ilə bağlı onlara düzgün mesajlar verilməlidir. Məncə, bu da telekommunikasiya imkanlarının genişlənməsi, təbliğatın artması, erməni dilində verilişlərin verilməsi və sair yollarla aparıla bilər və prosesi biraz da tezləşdirə bilərik”.

Safura Bənnayeva

SİTAT.İNFO



Xəbər xətti