Dövlətin yoxlamağa başladığı AZAL - Həm dövlətin büdcəsini, həm də vətəndaşların cibini "soyur"

16:56 21 Aprel 2022

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, “AZAL”-da ciddi yoxlamalar başlanılıb, 2 aya yekunlaşacaq və ictimayətə bununla bağlı əlavə məlumat veriləcək. 

Lkain Palatanın yoxlamalarından öncə də AZAL-ın zərərlə işlədiyi kimsəyə sirr deyil. Ölkədə aviasiya sahəsinin monopolisti olan bu şirkət həm çox bahalı xidmətlər təklif edir, həm də büdcədən külli miqdarda dotasiya alır, xərclərini dövlət büdcəsi hesabına ödəyir. Amma nə sirrdirsə, AZAL hər ili zərərlə başa vurur.

Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki,  AZAL ölkəyə xarici şirkətlərin birbaşa daxil olmasına mane olur: "Dünyada məşhur olan “Deloitte” audit şirkətinin AZAL-da apardığı yoxlamaların nəticələrinə görə: 1) AZAL-ın məcmu zərəri 2018-ci ildə 151 mln. 320 min manat, 2019-cu il üzrə 78 mln. 770 min, 2020-ci ildə 76 mln. 415 min manat olub. İkincisi 2021-ci il üçün məlumatlar hələ ki, yoxdur. Amma AZAL həm də büdcədən ən çox dotasiya alan şirkətlərdən biridir.  2019-2021-ci illər ərzində şirkət büdcədən ümumilikdə 215 milyon manat dotasiya alıb".

N.Cəfərli vurğuladı ki, AZAL ölkədə inhisarçıdır, həm uçuşlara, həm də yerüstü xidmətlərə nəzarət edir: "AZAL ölkəyə xarici şirkətlərin birbaşa daxil olmasına mane olur, regionda ən baha qiymətə bilet satır, yerüstü xidmətləri bahadır. Büdcədən dotasiya alır, təyyarələri də büdcə hesabına alır, amma ziyanla, zərərlə işləyir. Prezidentdən tutmuş sadə vətəndaşlara qədər hamı AZAL-dan şikayət edir, amma heç nə dəyişmir. Hətta Avropa Birliyi ilə yeni əməkdaşlıq sazişinin imzalanmasının uzanmasının da əsas səbəbkarlarından biri də AZAL-dır – bazarı əlindən buraxmaq istəmir.Ümid edək ki, Hesablama Palatasının başladığı yoxlamalar AZAL-ın idarəetməsinin, bu sahəyə münasibətin dəyişməsi ilə nəticələnəcək. Yoxsa insanda sual yaranır ki, nədən hamının şikayətçi olduğu AZAL heç kimi və heç nəyi vecinə almadan həm büdcəni, həm də vətəndaşların cibini “sağmaqda” davam edir?!". 



Xəbər xətti