Problemli kreditlər nəyin hesabına azalır: Qaytarıldı, yoxsa SADƏCƏ SİLİNDİ?

12:39 22 Aprel 2022

Açıqlanan son məlumata görə, Azərbaycanda problemli kreditlərin həcmi 685 milyon manata düşüb. Bu isə o deməkdir ki, illik müqayisədə 25 faizə yaxın azalıb. Əvvəllər isə bu göstərici 1 milyard manatdan artıq idi.  Bəs görəsən, bu azalma nəyin hesabına baş verib, həqiqətən kreditlər qaytarılıbmı? Yoxsa, sadəcə olaraq həmin borclar problemli kredit statusundan çıxarılıb?

Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirdi ki, bu sualla bağlı təəssüf ki, real vəziyyətin açıqlamasını vermirlər : "Sadəcə problemli kreditlərinin azaldığını deyirlər. Bu azalma iki yolla ola bilər. Biri odur ki, problemli kredit həqiqətən qaytarıldı, ya müştəri ödədi, ya girovdan tutdular, ya zamindən aldılar, fərqi yoxdur. Digər halda isə o kredit qaytarılmayan borc silindi, bank itkiyə məruz qaldı. Amma o borc artıq yoxdur.  Yəni ümidsiz, qaytarılmayacaq borc kimi. Bu ona bənzəyir ki, xəstəxanada 1000 nəfər xəstə var idi, onların sayı 500-ə endi. Qalan 500 nəfər öldü, yoxsa sağaldı çıxdı, önəmli olan budur".

İqtisadçı hesab edir ki, burada hər iki variant var. Problemli kreditlərin bir hissəsi qaytarılıb, bir hissəsi isə silinib. Bəziləri isə qismən qaytarılıb və qalan hissəsi silinib. Ancaq konkret hansı rəqəmlərdən söhbət getdiyini bilmək mümkün deyil. Ancaq praktikamda da görürəm ki, banklarda silinən ümidsiz  kreditlərin həcmi də çox böyükdür. Bunlar əsasən iri kreditlərdir, girovsuz və zaminsiz verilib".

Ə.Həsənovun sözlərinə görə, aidiyyatı qurumların - Mərkəzi Bank, Banklar Assosiasiyası və  Dövlət Statistika Komitəsinin bu haqda çıxıb məlumat verməsi yaxşı olardı: "Məlumat verməmələri o deməkdir ki, həqiqətən də kreditlərin əksəriyyəti qaytarılmayıb. Əks halda bank sisteminin uğuru kimi bunu göstərərdilər". 

Ləman Sərvanqızı 

SİTAT.İNFO 



Xəbər xətti