Rusiya-Ukrayna müharibəsində Rusiya qələbə qazana bilmədiyi kimi, bütün dünyadan da təcrid edildi. Hərbi və iqtisadi gücünü itirməklə, nüfuzuna da xeyli zərbə dəymiş oldu. Bu proses həm də Rusiyanın Cənubi Qafqazdakı dayaqlarını zəiflədir. Artıq Ermənistan yeni ağa axtarışındadır, Gürcüstan üzünü Qərbə tutub, Azərbaycan isə qardaş Türkiyə ilə çiyin-çiyinə dayanıb. Türkiyənin nüfuzu getdikcə Cənubi Qafqazda artmaqdadır. Çünki Ermənistan da Kremlin məğlubiyyətini izlədikcə Türkiyə ilə əlaqələrin yoluna düşməsi üçün tələsir.
Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən siyasi şərhçi, Ağ partiya sədrinin müşaviri Azər Hüseynov bildirdi ki, Ukraynada gedən müharibə Rusiyanın beynəlxalq münasibətlərinə və statusuna təsir edəcək: "Çünki Rusiya əslində yeni unifikasiya edilmək istənən düzənə qarşı çıxdı. Təbii ki, öz imperial maraqlarına görə".
O qeyd edib ki, biz dünyada əslində iki siyasət fəlsəfəsinin savaşdığını görürük: "Bu Rusiyanın arxioimperializmi və Amerikanın lideri olduğu neoimperializmdir. Hər ikisinin də müttəfiqləri var. Əgər Amerikanın maliyyə imperiyası və iqtisadi "nüvəsi" varsa, Rusiyanın insani, xammal resursu və 500 illik imperial duruşu var".
Ekspert hesab edir ki, Rusiya ciddi iqtisadi problemlər yaşasa da, dünyaya da iqtisadi problem yaşadır: "Çünki qlobal iqtisadi sistemə inteqrasiya edib. Amma biz bunu payızda görəcəyik ki, dünyaya da iqtisadi ərzaq problemləri yaşadacaq. Bəziləri deyir ki, Rusiya nəyə nail oldu. Rusiya demək olar ki, Ukraynadan NATO-ya girməmək öhdəliyi aldı. Ukraynanın şərqini də demək olar ki, tutub. Artıq Mariupol da təəssüf ki, çökdü. Ona görə bunları görməzdən gəlmək sadəlövlükdür".
A. Hüseynov vurğuladı ki, Rusiya NATO-nun təmas xəttini də özündən uzaqlaşdırdı: "Amerika istisna olaraq hələ ki, proseslərin total qalibidir. Nə olur Avrasiyaya olur, Ukraynaya olur. Amma Rusiyanın itirdiyi çox məsələ var. Rusiya Cənubi Qafqazda geosiyasi inhisarını itirib. Burada qardaş Türkiyə var. Azərbaycanın yanındadır. Rusiya Cənubi Qafqazdan total gedəcəkmi? Düşünmürəm. Ermənistanda müxalifətin, Gürcüstanda iqtisadi oyunçuların timsalında qalacaqdır. Bizdə də Rusiya meyilli siyasi düşərgə var. Amma Rusiya artıq Cənubi Qafqazda geosiyasi monopolist deyil . Biz bunu nəzərə alıb Türkiyə ilə regional konfiqurasiyaları güclü etməliyik".
Nərgiz,
SİTAT.İNFO