"Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə iyunun 1-dən “İlmələrin sevinci: xalçaçılıq kursları” layihəsinin icrasına başlayıb.
Sitat.info xəbər verir ki, layihə çərçivəsində iyulun 13-də ilk nəzəri-praktik kurs Azərbaycan Milli Xalça Muzeyində keçirilib. Kursda şəhid övladları və "Təmiz Dünya" İctimai Birliyinin sığınacağındakı uşaqlar iştirak ediblər.
Öncə uşaqlar Azərbaycan Milli Xalça Muzeyində eksponatlarla tanış olublar. Xalçaçılıq sənətinin tarixi, beynəlxalq aləmdə Azərbaycan mədəniyyətinin tandılmasında milli xalçaçılığın rolu barədə məlumat verilib.
Daha sonra təlimə balanılıb. Öncə "Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər" İctimai Birliyinin sədri Səbuhi Bayramov layihənin məqsədi və hədəfi haqqında danışıb. O bildirib ki, həssas qruplar çox vaxt psixoloji problemlərlə üzləşirlər: “Özlərinə qapanır, özünəinamı itirirlər. Lakin yaradıcı sənaye, sənət, mədəniyyət, hər hansı bir məhsulun istehsalında şəxsən iştirak etmək bu insanlar üçün həm də terapiyadır. Dünya təcrübəsində geniş istifadə edilir”.
Daha sonra Bakı Humanitar Kollecinin müəlliməsi Aytən Abdullayeva əyani şəkildə xalçatoxuma dəzgahları qarşısında uşaqlara təlim keçərək xalça toxumağın qaydalarını öyrədib. Həmçinin təlimdə uşaqalara xalça sənəti, xalça dizaynerliyi, yaradıcı sənaye, o cümlədən, xalça instalyasiyaları, xalçanın digər sənət növləri ilə inteqrasiyası, perspektivləri, İT və İnnovativ alətlər vasitəsilə xalça sənətinin inkişafına dair məlumat verilib.
Dərslər avqust ayında da davam edəcək.