Ermənistan bu ərazilərdən çəkilir

13:22 19 İyul 2024

Ermənistanın Azərbaycanla delimitasiya və demarkasiya prosesini birtərəfli güzəştlərlə həyata keçirməsi Gürcüstanla sərhəddə də hərəkətlənməyə səbəb olub.

Sitat.info Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Nəşr yazır ki, bir neçə gün əvvəl Ermənistanın Gürcüstanla sərhədində yerləşən Lori vilayətinin Taşir rayonunun Sarçapet kəndinin Lok adlanan təpəsində ermənicə “Dayan! Dövlət sərhəddi” və “Giriş-çıxış qadağandır” xəbərdarlıqları olan nişanlar qoyulub. Bu nişanların dəqiq nə zaman qoyulduğu bilinmir.

Məlumata görə, Gürcüstan-Ermənistan sərhədində mübahisəli olan bəzi kilsələr, monastrlar və təpələr var. Lok təpəsində yerləşən qala da bunlardan biridir.

İki ölkə arasında şifahi razılaşmaya görə, qala tam sərhəd xəttinə düşməli və heç kimin nəzarətinə keçməməli idi. Son aylarda İrəvan və Tbilisi rəsmiləri iki ölkə arasında sərhəd xəttinin çəkilməsi ilə bağlı prosesin yekunlaşdırılacağını bildiriblər. Nikol Paşinyan keçmiş baş nazir İrakli Qaribaşvili ilə danışdığını və məsələnin razılaşdırıldığını deyib. Həmçinin xarici işlər nazirləri səviyyəsində də prosesin anonsu verilib.

Nəşr iddia edir ki, Ermənistan Azərbaycana olduğu kimi, Gürcüstana da güzəştə gedəcək. Hər iki ölkənin sərhəddə bir sıra monastr və kilsələrlə bağlı ambisiyaları var. Şübhəsiz ki, İrəvan Tbilisi ilə demarkasiya prosesi çərçivəsində bəzi ərazilərdən əl çəkəcək. Ermənistan-Gürcüstan sərhədinin 225 kilometrlik hissəsinin 147 kilometri üçün sərhəd xətti razılaşdırılıb. Qalan ərazilər isə mübahisəlidir.



Xəbər xətti