İşğaldan azad olunmuş ərazilərimizdə quruculuq-bərpa işləri sürətlə davam edir. 30 il həsrətdən sonra artıq əhali öz toğma torpaqlarına, evlərinə ən qısa zamanda qayıtmağa tələsir. Ölkə rəhbərliyi də həmin ərazilərdə "ağıllı kəndlərin" salınması və Böyük Qayıdış planının həyata keçirilməsi istiqamətində ciddi qərarlar verir və proses birbaşa dövlət başçısının nəzarətindədir. Görülən hər bir iş , həyata keçirilən hər bir layihə sonda dövlət başçısına yerində təqdim olunur.
Amma məcburi köçkünlərin ən azı bir qisminin köçürülməsi hələ də baş tutmur. Yeni salınan kəndlərdə həyata keçirilən layihələr işçi qüvvəsi tələb edir. Bu köçü həyata keçirdikdən sonra elə həmin vətəndaşları da iş prosesinə cəlb etmək mümkündür.
Bəs belə olan halda niyə hələ də proses başlamır? Burada təhlükəsizlik məsələləri və sair amillər varmı?
Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən deputat Ceyhun Məmmədov bildirib ki, Böyük Qayıdışın həyata keçməsi ilə bağlı çox ciddi tədbirlər görülür və bu vaxt aparan bir prosesdir: “Qayıdışın uzun çəkməsi əhalinin təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş tədbirlərə, əsasən də minalardan təmizləmə və s. işlərə görədir. Əsas məsələ isə bu ərazilərdə yolların çəkilməsi, infrastrukturun yaradılması, işıq, su, qazın çəkilməsidir ki, bu da çox sürətlə aparılır. İnsanların həmin ərazilərdə rahat, firavan yaşaması üçün bu ərazilərdə quruculuq işləri görülməli, xəstəxanalar, bağçalar və s. açılmalıdır. Buna görə də böyük köç vaxt aparır”.
C.Məmmədov əhalinin yerləşdirilməsi üçün kompleks işlərin görülməsinin lazım olduğunu vurğuladır: “Kompleks tədbirləri dövlət yerinə yetirir. Ağıllı kəndlərin bərpası demək olar ki, yekunlaşıb. Hesab edirəm ki, digər ərazilərdə- Ağdamda, Cəbrayılda və başqa ərazilərdə də bu bərpa işləri həyata keçiriləcək. Bu işlər onu deməyə imkan verir ki, qısa zamanda əhali həmin ərazilərdə məşkunlaşacaq və dövlət üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək".
Safura Bənnayeva
SİTAT.İNFO