Laçında itkin düşmüş hərbçilərə görə iki nəfər həbs edilib

17:59 7 Avqust 2024

Laçında itkin düşən hərbçilərə görə iki nəfər həbs edilib.

Bu barədə Sitat.info-ya Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.

O bildirib ki, Azərbaycan ordusunun hərbi qulluqçuları, əsgərlər Fərid Əjdər oğlu Məmmədov və Firdovsi Mais oğlu Abdullayevin 3 mart 2022-ci il tarixdə Laçın rayonu ərazisində itkin düşmələri ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində istintaqı aparılmış cinayət işi üzrə Təbriz Rasim oğlu Babayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci, 329.2.2-ci, 329.2.6-cı və 341.3-cü maddələri ilə, Taleh Möhübbət oğlu Həməşəyevə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.3-cü maddəsi ilə ittiham elan edilmiş və iş baxılması üçün Füzuli Hərbi Məhkəməsinə göndərilib:

"Füzuli Hərbi Məhkəməsinin 22.09.2023-cü il tarixli hökmü ilə Təbriz Rasim oğlu Babayev və Taleh Möhübbət oğlu Həməşəyev onlara elan olunmuş yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək müxtəlif müddətlərdə azadlıqdan məhrumetmə cəzasına məhkum ediiblər".



Xəbər xətti