Ermənistanın silahlanması təhlükəli həddə! Bu hansı beynəlxalq güclərin marağındadır?

12:10 23 Avqust 2024

 "Ermənistanın silahlandırılması Azərbaycanın təhlükəsizliyini təhdid edir. Nə qədər Ermənistan hökuməti və onun himayədarları  bu silahlandırılmanın Ermənistanın daxili işi olduğunu və bu ölkənin  öz ordusunu gücləndirmək hüququna malik olduğunu bildirsə də, Azərbaycan buna sülh danışıqları kontekstində nəzər salır".
Bu sözləri Sitat.info-ya açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının idarə heyətinin üzvü, politoloq Əli Zülfüqaroğlu deyib.
Onun fikrincə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, eyni zamanda kapitulyasiya aktına imza atıb: "Azərbaycanın sülh danışıqlarının tezləşdirilməsi üçün  Ermənistana təklif etdiyi məsələlər, irəli sürdüyü şərtlər beynəlxalq hüququn normalarına tam cavab verir. Azərbaycan üçüncü qüvvələrin oyundankənar vəziyyətdə qalması və sülhün tezləşdirilməsi,  bölgəyə dayanıqlı əmin-amanlığın gəlməsi üçün bir sıra məsələləri  hətta sülh sazişindən sonrakı dövrə saxladı".

Ə.Zülfüqaroğlu sülh sazişi üçün ilkin şərtlərdən  çıxarılan məsələlərə Zəngəzur dəhlizini  misal göstərib: "Təbii ki, Azərbaycanın prioritetləri var,  Zəngəzur dəhlizi də bu qəbildəndir. Amma Azərbaycan ilkin olaraq sülh sazişinin imzalanması üçün Ermənistanda Konstitusiya dəyişikliyini və ATƏT- in Minsk qrupunun ləğv olunmasını irəli sürür. Defakto ATƏT- in Minsk qrupu yoxdur, amma göründüyü kimi, Ermənistan Fransa və Birləşmiş Ştatlardakı müəyyən dairələrin təzyiqi ilə sülh danışıqlarından yayınır, silahlanmağa başlayır". 

Politoloq hesab edir ki, Ermənistan Ukrayna-Rusiya savaşı fonunda yalançı vədlərə aldanır, eyni zamanda uzaq perspektivə hesablanan xəyali hədəflərinə görə Qərbin təkliflərinə müsbət yanaşır və  imitasiya xarakterli görüşlərin davam etdirilməsinə çalışır: "Bunlar tamamilə açıq şəkildə görünən məsələlərdir. Ona görə də Ermənistanın silahlandırılması ilk növbədə Azərbaycanın təhlükəsizliyini təhdid edir. Azərbaycan təbii ki, bununla bağlı narahatlıqlarını dəfələrlə dilə gətirib və  etiraz səsini  əlaqəli dairələrə çatdırıb. Bundan sonra da Azərbaycan bu istiqamətdə ən yüksək səviyyədə öz fəaliyyətini davam etdirəcək. Amma görünən odur ki,  Qərb, Birləşmiş Ştatlar   Ermənistanı silahlandırmaqla, eyni zamanda, Ermənistana yalançı vədlər verməklə sülh danışıqlarını əngəllənmək istiqamətində fəaliyyətlərini yürüdürlər. Çünki əgər Ermənistanla Azərbaycan arasında sülh imzalanarsa, o zaman bölgədə geosiyasi maraqlarını təmin etməyə çalışan Fransa və Birləşmiş Ştatlar oyundankənar vəziyyətdə qalacaqlar".

Ə.Zülfüqaroğlu hesab edir ki, ATƏT-in Minsk qrupunun ləğvi məsələsində Qərb tərəfindən Ermənistana etiraz etməsi üçün təzyiq ediləcək: "Çünki Minsk qrupu faktiki olmasa da, de-yure ləğv olunmaması, bölgəyə bu təşkilat vasitəsilə yenidən daxil olmağa çalışan Qərbin müəyyən planlarından xəbər verir. Ona görə də bunun üçün ilk növbədə bölgədə eskalasiya riskləri yaranmalı və hərbi toqquşmalar olmalıdır. Bu halda isə Fransa və Birləşmiş Ştatlar Ermənistanın  təhlükəsizliyini təmin etmək adı altında yenidən bölgəyə girmək və "vasitəçilik" etməyə çalışacaqlar. Təbii ki, Azərbaycan tərəfi bunu çox yaxşı hesablayır və bu baxımdan Azərbaycanın irəli sürdüyü təkliflər də uzaq perspektivdə yaranacaq təhdidlərinin aradan qaldırılması və dayanıqlı sülhün əldə olunmasına bağlı olan məsələdir".

Politoloqun fikrincə, Ermənistan tərəfi maksimum çalışacaq ki, Qərbin onu bir alət kimi istifadə etməsi prosesində öz maraqlarını təmin etsin: "Çalışır ki, həm silahlansın, eyni zamanda müəyyən iqtisadi dəstək alsın və beləliklə də sülh danışıqlarını uzatsın. Ona görə də düşünürəm ki, Azərbaycan üçüncü qüvvələri oyundan kənarlaşdırmaq və regional müstəvidə danışıqlar prosesini aparmaq, həmçinin ikitərəfli danışıqları davam etdirmək üçün  Zəngəzur dəhlizi məsələsini sonraya saxladı. 
Amma bir məqam da var ki,  Birləşmiş Ştatlar da seçkidə erməni lobbisinin dəstəyini almağa çalışacaq. Ona görə də Birləşmiş Ştatların hazırkı hökuməti Ermənistanı məcbur edəcək ki, erməni lobbisinin maraqlarına uyğun olaraq Konstitusiya dəyişikliyinə getməsin, eyni zamanda Minsk qrupunun ləğv olunmasına müsbət yanaşmasın. Çünki belə olan halda Birləşmiş Ştatlar, seçkidə həm erməni lobbisinin dəstəyini qazanacaq, həm də Minsk Qrupu adı altında bölgəyə girmə perspektivini özündə saxlayacaq.
Ona görə də Ermənistanın silahlandırılmasında hədəfin Azərbaycan olduğu önə çıxır. Çünki Azərbaycan buna sülh danışıqları fonunda baxır. Azərbaycan bununla bağlı diplomatik səylərini, eyni zamanda, Ermənistana təzyiqlərini də artıracaq. Həmçinin  Azərbaycan regional müstəvidə kifayət qədər uğurlu diplomatik siyasət yürüdüb və region dövlətləri ilə əlaqələrini yüksək səviyyəyə çatdırıb. Müəyyən istisnaları  çıxmaq şərti ilə, istənilən halda Azərbaycan region dövlətlərinin Ermənistan üzərinə təzyiqinin artmasına nail olacaq ki, bu prosesi də biz müşahidə edirik. Eyni zamanda, geosiyasi  proseslər fonunda da məsələyə nəzər salsaq, Azərbaycanın əlinin kifayət qədər güclü olduğunu görürük. Ona görə də Ermənistanın silahlandırılması və sülh danışıqlarının təhdid altına salınması ilə bağlı nə qədər Qərb tərəfindən cəhdlər olsa da, biz Azərbaycanın da təsir imkanlarının olduğunu deyə bilərik. Ermənistanın sülhə məcbur edilməsi ilə bağlı Azərbaycanın əlində ciddi rıçaqlar var".

Məğrur Salmanov,

Sitat.info



Xəbər xətti