Rusiya-Ukrayna savaşında nüvə silahı təhlükəsi! Putin ancaq bu halda dayana bilər...

14:25 23 Avqust 2024

"Ukrayna hazırda Rusiya ərazisində əməliyyat keçirirsə, bunun başlıca məqsədi Bayden adminstrasiyasının ömrü bitənə qədər sülh sazişi imzalanmasına nail olmaqdır. Yəni, Rusiyanı masa arxasına oturmağa məcbur edib Ukraynanın da maraqlarının nəzərə alındığı sülh müqaviləsi imzalanmasını istəyir. Ancaq Ukrayna silahlı birləşmələrinin ərazisində olmasına rəğmən Rusiya bu şərtlərlə razılaşmaq niyyətində deyil".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Tural Əliyev deyib.

O bildirib ki, Rusiya hazırda şərq cəbhəsində irəliləyir: "Ukrayna hərbi-strateji baxımdan hesablayırdı ki, Rusiya öz qüvvələrini Ukrayna ərazisindən çəkib, Kursk istiqamətinə yönəldəcək, bununla da Ukrayna ərazisində Rusiya hücumları səngiyəcək. Bu da baş tutmur. Ona görə ki, Rusiya-Ukrayna müharibəsinə ilk gündən bu yana müxtəlif yanaşmalar var. Əgər ayrı-ayrı istiqamət üzrə əməliyyatları təhlil etsək bir nəticəyə vara bilmərik. Ancaq məsələyə deduktiv  məntiqlə yanaşsaq, görərik ki, Rusiya bir nüvə ölkəsidir. Rusiya hakimiyyəti daxilində monolitlik pozulmayana qədər, cəmiyyətdən təpki baş verməyənə qədər, Kiyev Moskva ilə öz istədiyi şərtlərlə müqavilə bağlaya bilməyəcək".

T.Əliyev hesab edir ki, Rusiyanı ancaq daxili proseslər dayandıra bilər: "Bir ölkənin daxilində hansısa proseslər getməlidir ki, o öz tutduğu mövqelərindən geri çəkilsin. Bu baş vermir. Bu olmaqdıqca, Rusiya ölkə daxilində total hücumların qarşısını kəsə bilmədiyini, Qərbdən də daha çox silah gəldiyini və Ukraynanın silah arsenalının gücləndiyini görsə, taktiki nüvəni həyata keçirə bilər. Bu ona görə baş verə bilər ki, Rusiya nüvə ölkəsi olaraq məğlubiyyəti qəbul etməyəcək. Təbii ki, Rusiyada indiki hakimiyyət qaldığı halda... Bu halda Rusiya taktiki nüvə silahının tətbiqini həyata keçirə bilər. Bunun baş  verməməsi üçün Rusiya hələ ki,  cəbhədə öz sözünü deyib şərtlərini diqtə etmək istəyir. Taktiki nüvənin tətbiqi bir çox fəlakətlərə gətirib çıxaracaq".

Politoloqun sözlərinə görə, Avropa dövlətləri ilk gündən bu təhlükənin fərqindədirlər: "Bunun ən böyük ziyanı isə Avropaya dəyəcək. O səbəbdən Fransa və  Almaniya bu müharibə başlayandan bəri tərəddüd edir. Kiçik yardımlar edib sanksiyalara qoşulsalar da, nüvə silahının tətbiqindən çəkinirlər və ehtiyatlı davranırlar. Amma müharibənin fəlsəfəsi istənilən an dəyişə bilər. Bu zaman baş verəcək ki, Rusiya və ya Ukrayna daxilində hansısa proses baş versə, iki liderdən biri hakimiyyətdən getsə, digəri istədiyinə nail olacaq".



Xəbər xətti