Qərbin uduzduğu, Rusiyanın isə qazandığı SAVAŞ: Müharibə aparan ölkə necə ayaqda qaldı?

16:10 23 Avqust 2024

"Rusiya-Ukrayna müharibəsinin dünya iqtisadiyyatına, o cümlədən regionun iqtisadi göstəricilərinə təsirləri danılmazdır. Ancaq məsələlərə daha dərindən yanaşsaq, elə bu münaqişənin dünya iqtisadiyyatındakı böhrandan irəli gəldiyini söyləyə bilərik. Məhz dünya iqtisadiyyatındakı böhran, dollar meylli qlobal iqtisadiyyatın böhranla üzləşməsi regional amilləri önə çıxartdı. Son nəticədə biz faktiki olaraq dünya iqtisadiyyatının yenidən bölünməsinin şahidi oluruq. Bu münaqişə də həmin məqsədə xidmət edir".

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı alim Elşad Məmmədov deyib. 

Bu hərbi münaqişənin fəsadlarına gəlincə, E.Məmmədov bildirib ki, bəzi məqamlar Rusiya iqtisadiyyatının inkişafına da xidmət edə bilər: "Uzun onilliklər ərzində formalaşmış bir trend mövcud idi ki, Qərbi Avropa əlçatan Rusiya resurslarına söykənərək öz iqtisadiyyatını, sənaye sektorunu inkişaf etdirirdi. Bu gün isə yeni reallıqlar onu deməyə əsas verir ki, artıq Qərbi Avropa Rusiya resurslarından xeyli dərəcədə təcrid olundu.  Artıq Qərbi Avropa ölkələrinin iqtisadiyyatlarında bu problem açıq-aşkar görünür. Düşünürəm ki, bu problem daha da dərinləşəcək və həmin regionun iqtisadiyyatının hazırki göstəriciləri pisləşməyə doğru dəyişəcək. Bu baxımdan Avropanın ABŞ-dan asılılığı daha da artmış olacaq".

Münaqişə iştirakçılarının iqtisadiyyatlarına gəlincə, professor qeyd etdi ki, artıq Ukrayna iqtisadiyyatından geniş şəkildə danışmağa artıq ehtiyac yoxdur: Bu ölkənin iqtisadiyyatı olduqca acınacaqlı durumdadır. Ukraynada həm enerji sektoru, həm sosial -iqtisadi vəziyyət kritik haldadır. Kənar dəstək olmasa hazırki durum belə çox qısa müddətdə tam deqradasiyaya uğraya bilər. Ukrayna ilə müqayisədə  Rusiyanın resursları və imkanları tamamilə fərqlidir. Rusiyanın zəngin resurs bazası var. Son onilliklərdə Rusiyanın əsas problemi elə öz resurslarını Qərbi Avropaya xammal şəklində ixrac etmək idi. Bu proses nəticəsində Rusiyada emal sektoru zəiflədi, texnoloji baxımından çox gerilədi. Hazırki böhran isə Rusiya iqtisadiyyatında sənaye sektorunun inkişafı üçün böyük impulslar vəd edə bilər. Əgər adekvat və effektiv makroiqtisadi siyasət aparılsa, Rusiya iqtisadiyyatında yüksək texnoloji sektorun, emal sektorunun inkişafında böyük irəliləyiş ola bilər. Faktiki olaraq Avropa bazarlarının təbii resurs idxalını dayandırması Rusiya üçün emal sektorunu inkişaf etdirməkdən başqa alternativ qoymur".

Rusiyanın maliyyə sektoruna  yönələn sanksiyalardan danışan  E.Məmmədov bildirdi ki, Rusiyanın iqtisadi strukturunda maliyyə sektoru həlledici rol oynamır: "Bu uzun illərin ənənəsidir ki, Rusiyanın maliyyə sektoru bu ölkənin oliqarxlarına xidmət edirdi. Bəli, oliqarxlar dərin problemlərlə üzləşir, ancaq bu, əksinə, Rusiya xalqının rifahına xidmət edə bilər. Təbii ki, bütün bunlar Rusiyaya təsirsiz ötüşmür, onilliklər ərzində formalaşmış trendləri dəyişmək asan deyil. Amma Avropa ilə, Ukrayna ilə müqayisədə Rusiyanın iqtisadi dayanıqlıq imkanları xeyli dərəcədə güclüdür.  Ümumilikdə isə hesab edirəm ki, dünya iqtisadi böhranının dərinləşməsi prosesləri hələ uzun müddət ağrılı şəkildə qlobal iqtisadiyyatda hiss olunacaq. Bu regionlaşma prosesi, dünya iqtisadiyyatının fraqmentlərə bölünməsi prosesi ciddi iqtisadi və geosiyasi kataklizmlərdən keçəcək. Ona görə də, iqtisadi problemlərin qlobal miqyasda dərinləşməsini hələ proqnozlaşdırmaq olar".

Nigar,

Sitat.info



Xəbər xətti