Son günlər Azərbaycanda növbəti devalvasiyanın baş verə biləcəyi ehtimalları müzakirə edilməkdədir. Özəlliklə də Türkiyədə dolların lirəyə qarşı rekord həddə bahalaşması bu müzakirələri daha da aktual edib.
Bəs görəsən, Azərbaycanda dolların bahalaşması üçün hansı iqtisadi əsaslar var? Bu ilin sonuna qədər AMB buna qərar verəcəkmi? Dolların saxlanılması hazırda valyuta ehtiyatları xərclənirmi?
Sitat.info-ya açıqlamasında bu sualları cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli vurğulayıb ki, Azərbaycanda dolların məzənnəsi inzibati qaydada tənzimlənir deyə, iqtisadi məsələlərin burada dolayı təsirləri var:
"Manatın məzənnəsinə təsir edən əsas amillərdən biri neftin qiyməti və hasilatın həcmidir. Hazırda hasilatın həcmi düşür və neftin qiyməti də 80 dollardan aşağıdır. Bu dolayı təsirdir və hər şey Mərkəzi Bankın verəcəyi qərardan asılıdır. Bizdə hələlik tədiyyə balansında vəziyyət normaldır. Xarici ticarətdə satdığımız məhsulların dəyəri ilə aldığımız məhsulların dəyəri arasında müsbət saldo var. Problem ondan ibarətdir ki, neftin həcmi azaldığı üçün bu müsbət saldonun həcmi də azalır".
N.Cəfərli vurğulayıb ki, artıq 9-cu ildir bizdə eyni məzənnə saxlanılır: "Bu da onu deməyə əsas verir ki, Mərkəzi Bank və hökumət hansısa qərarlar verə bilər. Hazırda dolların məzənnəsinin indiki səviyyədə saxlanılmasına ciddi bir vəsait xərclənmir. Bizdə dolların mənbəyi Neft Fondudur. Neft Fondu büdcəyə transfer etmək üçün həftədə 2 dəfə Mərkəzi Bank vasitəsilə formal hərraclar keçirir və dolları satır. Hələlik bu dolların məzənnəsinin saxlanılmasına yetərli olur və əlavə vəsait sərf olunmur".
İqtisadçı hesab edir ki, ancaq bu iqtisadi deyil, inzibati məsələ olduğuna görə Mərkəzi Bankdan və hökumətin verəcəyi qərardan asılı olacaq: "Hesab edirəm ki, bu ilin sonuna qədər məzənnə dəyişikliyi ilə bağlı hansısa qərarın veriləcəyi gözlənilmir. Amma 2025-ci il ərzində belə bir qərarın verilməsi mümkündür".
Nərgiz Liftiyeva,
Sitat.info