Rusiya ilə Azərbaycan arasında münasibətlərin səviyyəsinin yüksəldilməsi təbiidir, tərəflər ticari-iqtisadi və siyasi əlaqələri artırmaq niyyətindədirlər.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.
Diplomat xatırladıb ki, fevralın 22-də (2022-ci il) Prezident İlham Əliyevin Moskvaya səfəri zamanı Rusiya ilə Azərbaycan arasında müttəfiqlik haqqında bəyannamə imzalanıb və bu, ikitərəfli münasibətləri yeni səviyyəyə qaldırır:
“Biz bunu çoxşaxəli əlaqələrimizdə mühüm mərhələ hesab edir və qeyd olunan bəyannamənin bütün müddəalarını həyata keçirmək əzmindəyik. Sənəd dövlətlər arasında ikitərəfli münasibətlərin bütün spektrini əhatə edir və daha sıx xarici siyasət koordinasiyasını, ticarət-iqtisadi əməkdaşlığın (o cümlədən yanacaq-energetika və maliyyə sahələrində) qurulmasını nəzərdə tutur. Rusiya-Azərbaycan əməkdaşlığının məntiqi və intensivliyi bizi ikitərəfli münasibətlərin səviyyəsinin təbii yüksəlməsinə gətirib çıxardı. Müttəfiqlik haqqında bəyannamənin diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümündə imzalanması simvolik hadisədir”.