2022-ci il yanvar-mart ayları üzrə kənd təsərrüfatı mallarında qiymət artımı müşahidə olunur. Eyni zamanda bu məhsullarda qıtlığın olması faktı da danılmazdır. Qıtlıq və bahalaşmanın əsas səbəbi odur ki, Azərbaycan aqrar ölkə olmasına baxmayaraq, yetərincə yerli məhsul istehsal edilməməsidir.
Bəs görəsən, Azərbaycanın kənd təsərrüfatı məhsullarına görə xarici bazarlardan asıllığını necə aradan qaldırmaq olar? Fermerlərin təkcə xarici bazarlara deyil, daxili bazarlara da çıxış imkanlarının məhdud olması, onların istehsal prosesinə olan marağını da azaldır.
Bu istiqamətdə marağın, təşfiqin artması, məhsulların sahədə dəyərindən aşağı qiymətə satılmaması üçün hansı tədbirlər görülür?
İqtisadçı ekspert Rəşad Həsənov mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlamasında bildirdi ki, kənd təsərrüfatında hazırda tam durğunluq deyil, müəyyən dərəcədə inkişaf var: “Bu sahədə 2-3 faiz artım qeydə alınır. Təbii ki, bunun bir qismi uçotun aparılmasından qaynaqlanır. Çünki son illərdə subsidiyanın verilməsi məhsul əsaslı olduğu üçün və müəssisələrin leqal fəaliyyəti tələn edildiyi üçün bu mexanizm qurulub. Bir qisim bundan qaynaqlanır. Amma son dövrlərdə ailə təsərrüfatında məhsul istehsalında azalmalar baş versə də, aqroparkların fəaliyyəti nəticəsində həmin azalma müəyyən qədər kompensasiya olunub. Bu gün kənd təsərrüfatında ciddi problem, aqroparkların yaranması zamanı müəyyən planlama nöqsanlarından qaynaqlanır. Hansı ərazilərdə aqroparklar varsa su və bu kimi resurslar həmin ərazilərə yönəldilir. Nəticədə ailə təsərrüfatları, əsasən də məhsulun yetişmə dövründə su qıtlığı ilə üzləşirlər və məhsul olmur”.
İqtisadçı Azərbaycanda aqrar sahədə fundamental problemlərin olduğunu, bir sıra məhsullar üzrə xarici ölkələrdən asılılığın yüksək səviyyədə olduğunu qeyd edib: “Ukrayna və Rusiya Azərbaycanda əsas təchizatçı ölkələrdən idi. Hər iki ölkədə istehsal prosesinin pozulması ilə bağlı ciddi siqnallar var. Ukraynadan Azərbaycana ixrac dayanıb. Rusiyada isə məhdudiyyətlər tətbiq olunub. Məhdudiyyət olmayan istiqamətlərdə Rusiya böyük ehtimalla kəskin şəkildə rüsumları artıracaq, məhsullar bahalaşacaq. Rusiya itkilərini bu yolla kompensasiya etməyə çalışacaq. Burada ciddi ərzaq təzyiqləri yarana bilər”.
Kənd təsərrüfatının inkişafına gəlincə, R.Həsənov bildirdi ki, burada fundamental məsələlərin həllinə ehtiyac var: "İntensiv kənd təsərrüfatı modelinə keçid öz həllini tapmalıdır. Bu günə qədər ekstensiv model artımı dəstəkləsə də, artıq kənd təsərrüfatına yararlı torpaqların əhəmiyyətli hissəsi istifadə olunduğu üçün işğaldan azad olunan ərazilər istisna olmaqla, digər ərazilərdə bu potensial qalmayıb. Əsas məsələ mənfəət normasıdır. Kənd təsərrüfatında mənfəət normasının aşağı olması bu sahədə xırda təsərrüfatların fəaliyyət imkanlarını məhdudlaşdırır. Mənfəət normasının artımı üçün intensiv böyümə modelinə keçmək lazmdır. Bunun üçün böyük maarifləndirmə kompaniyaları aparılmalı, regional strukturlar, xüsusilə də DAİM bu istiqamətdə fermerlərin, ailə təsərrüfatlarının maarifləndirilməsi ilə bağlı ciddi mövqe ortaya qoymalıdır. Bu yol ilə çalışmalıdır ki, məhsuldarlıq artsın və mənfəət norması yüksəlsin”.
İqtisadçının fikrincə, kənd təsərrüfatının inkişafı üçün su qıtlığı problemi də tezliklə həllini tapmalıdır: “Azərbaycan hökumətinin özü də etiraf edir ki, qlobal iqlim dəyişikliklərindən ciddi şəkildə təsirlənən ölkələrədən biridir. Bu onu deməyə əsas verir ki, hökumət su ehtiyatlarının ədalətli bölüşdürülməsinin , su əlçatanlığının təmin edilməsi ilə bağlı yaxın dövrlərdə hansısa konkret tədbirlər görməsə, bu təsərrüfatçılığa çox böyük zərbə vuracaq, mövcud ənənələrin pozulması istiqamətində proseslərin sürətləndirəcək. Bu məsələ həllini tapmalıdır. İstehsal prosesində birgə əməkdaşlıq modellərinin inkişafı diqqətdən qaçmamalıdır. Kooperasiya haqqında qanun qəbul olunsa da, aqrar sektorda bunun tətbiqi hələ ki mümkün olmayıb. Hökumət pilot layihələr çərçivəsində kooperativ müəsisələrin formalaşması, icmaların birləşməsi, resusların birləşdirilməsi modeli ilə bu sahədə uğur hekayələri yaratmaqla prosesi təşviq edə bilər. Bu da atılacaq addımlardan biridir”.
İqtisadçı ekspert aqrar sığorta mövzusuna da toxunaraq, bu sahədə müəyyən addımların atılmasının vacibliyini vurğuladı: “Bugün Azərbaycanda tətbiq edilən aqrar sığorta modeli, inkişaf etmiş aqrar ölkələrlə müqayisədə qat-qat zəifdir. Bu istiqamətdə təkmilləşdirməyə ehtiyac var, xüsusən də gəlirlərin sığortalanması əsas prinsip olaraq götürülməlidir. Belə olmadıqda hər hansı fruktasiya faktiki olaraq sahibkarların maliyyə dayanıqlığını zəiflədərək təkrar istehsal imkanlarını azaldır və proses pozulur. İstehsalat, torpağın təyinatına uyğun istifadə olunması istiqamətində maarifləndirmə işlərinin aparılması davam etdirilməlidir. Bağçılıq üçün səmərəli olan ərazilərdə , orada taxılçılığın inkişafı mənasızdır. Əsas prinsip məhdud resursların səmərəli istifadəsi olmalıdır. Bu istiqamətdə maariflədirici tədbirlər görülməlidir. Kooperasiyanın formalaşması sahədən mətbəxə qədər olmalıdır. Əkin-biçin, istehsalın digər halqaları, saxlama, tranzit daşımalar, pərakəndə satışın təşkili və s. təmin edilməsi yolu ilə kənd təsərrüfatında mənfəət normalarının yüksəldilməsi əsas prinsip kimi ortaya qoyulmalıdır. Bu model üzərində dəqiq və səmərəli addımlar atılmalıdır ki, bu sahə digər sektorlarla müqayisədə üstünlüyünü təmin edə bilsin və maraq artsın”.
Safura Bənnayeva
SİTAT.İNFO