Xəbər verdiyimiz kimi, ötən gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında 3 dairədən daxil olan şikayətlərin ciddi araşdırılacağını dedi. Bunların 22, 31 və 78 saylı seçki dairələri olduğunu açıqladı.
22 saylı seçki dairəsi ilə bağlı vəziyyət həm də ona görə diqqət çəkdi ki, burada qalib gələn namizəd Asim Mollazadədir, onun əsas rəqibi isə REAL Partiyasının sədri İlqar Məmmədov idi. Bəs bu dairədə aparılan araşdırmalar Asim Mollazadənin qələbəsinin üstündən xətt çəkə bilərmi? Şikayətlər ciddi faktlara əsaslanırmı?
Sitat.info olaraq bu sualları REAL Partiyasının icraçı katibi Natiq Cəfərliyə ünvanladıq.
O qeyd etdi ki, MSK-ya təqdim olunan faktlar seçkilərin nəticələrinin ləğv olunması üçün yetərlidir.
"İlqar Məmmədovun 22 saylı seçki dairəsindəki qanun pozuntuları ilə bağlı həm DSK-ya, həm də MSK-ya təqdim etdiyi kifayət qədər ciddi foto-video görüntülər, müşahidəçilərin aktları, hətta komissiya üzvlərinin sosial şəbəkələrdə Asim Mollazadənin leyhinə təbliğat aparılması faktları var".
N.Cəfərli bildirdi ki, bütün bu faktları toplasaq, təbii ki, 22 saylı seçki dairəsində nəticələr ləğv edilməli və yenidən seçki keçirilməlidir: "Bizim müşahidəçilərimizdə heç bir şübhə yoxdur ki, həmin seçki dairəsində total saxtakarlıq edilib və nəticədə Asim Mollazadə qalib elan edilib".
Qeyd edək ki, məsələ ilə bağlı Asim Mollazadəyə də sual ünvanladıq. Hələ ki, A.Mollazadə tərəfindən sualımıza reaksiya verilməsə də, obyektivlik naminə onun mövqeyini dərc etməyə hazırıq.
Seymur,
Sitat.info