“Müsavatda Prezident İlham Əliyevin əlindən öpməyə hazır olanlar...”
Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Müsavat Partiyasının üzvlüyündən istefa verməsi ilə bağlı “Yeni Müsavat”ın suallarına cavab verib.
Novella Cəfəroğlu bildirib ki, istefa qərarına gəlməsi bir günün, bir anın içərisində verilmiş qərar deyil. Hələ 1 sentyabr parlament seçkilərindən uzun müddət öncə bu barədə düşünüb və istefanın ən düzgün yol olduğu qərarına gəlib: “Bilirsiniz ki, həmişə müstəqil mövqeli şəxs olmuşam və bu gün də beləyəm. Yaxşıya yaxşı, pisə pis demək, yaxşının daha yaxşı olmasına, pisin isə düzəlməsinə çalışmaq mənim xarakterimdir. Prezident İlham Əliyevin torpaqlarımızı azad etməsini onun Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidməti, böyük qəhrəmanlığı olduğunu bəyan elədiyim zamandan həm Müsavat Partiyasının bəzi üzvləri, həm Əli Kərimlinin ətrafındakı bir sıra şəxslərin ədalətsiz ittihamlarına məruz qalmışam. Müsavatdakı dostlarıma dəfələrlə demişəm ki, niyə böyük uğurlara layiqli qiymət vermirsiniz? Müxalifətçilik məgər ancaq hər şeyi qara rəngdə görməkdir? Yaxşıya yaxşı deyin ki, sizin də yaxşı addımlarınız olduğu kimi dəyərləndirilsin. Cəmiyyət də görsün ki, sizin mövqeyiniz ən düzgün mövqedir. 44 günlük müharibədən öncəki illərdə bu gün məni qınayan Müsavat rəhbərliyindəkilər deyirdilər ki, İlham Əliyev bir rayonumuzu azad etsin, onun əlindən öpməyə hazırıq. 2020-ci ilin sentyabrında 44 günlük müharibə İlham Əliyevin Ali Baş Komandanlığı altında qələbə ilə nəticələndi. Rayonlarımız azad edildi. 2023-cü ilin sentyabrında 23 saatlıq antiterror əməliyyatı ilə tariximizin ən böyük qələbəsini qazandıq, Xankəndi də daxil, bütün ərazilərimizdə suverenliyimiz bərpa olundu. Bütün bu böyük qələbələrə görə İlham Əliyevi təqdir edəndə bir zamanlar "İlham Əliyevin əlindən öpərik" deyənlər başladılar məni ittiham eləməyə. Onlara özlərinin sözlərini xatırlatsam da xeyri yox idi. Çünki onların düşüncəsində bu fikir hakimdir ki, müxalifətsənsə, ancaq pisləməlisən. Mən həbs olunmuş müsavatçıların, cəbhəçilərin azad edilməsi, saxlanma yerlərində vəziyyətlərinin yaxşı olması üçün müvafiq hakimiyyət qurumları ilə danışıqlar aparanda, bunun üçün müəyyən xoş sözlər işlədəndə Müsavatdakı dostlarımız, AXCP-dəki adamlar məni “hakimiyyətlə işbirliyində olan adam” adlandırdılar. Bütün bunları ona görə dilə gətirirəm ki, mənim istefama gətirən yolun necə başlandığını, necə davam etdiyini biləsiniz. 1 sentyabr parlament seçkilərində müşahidə apardığımız dairələrdə seçkinin necə keçdiyi barədə müşahidəçilərimizin yazılı rəyinə əsaslanan hesabat yazmağımız və mənim “müşahidə apardığımız seçki məntəqələrində seçkilər düzgün keçdi, heç bir qanun pozuntusu müşahidə edilmədi” fikirlərim mənə qarşı növbəti hücum dalğasını başlatdı. Bu, dolmaqda olan bardağın daşması demək oldu. Mən qərara gəldim ki, artıq bəsdir, istefa verim. Bu istefam həm də Müsavat Partiyasına elə müxalifətdəki başqa təşkilatların və həmin təşkilatların nümayəndələrinin basqılarına son qoymaq üçün oldu. Müsavatı mənim mövqeyimə görə hədəfə alırdılar. Mənim adımı çəkib Müsavatı söyürdülər. Deyirdilər ki, Novellanı Müsavatdan qovun. Müsavatdakı dostlarım da mənə deyirdilər sənin mövqeyinə görə bizi filankəslər qınayır. Mən də düşündüm ki, istefa verim, dostlarım qınaqdan, məsuliyyətdən xilas olsunlar".
“Başqan İsa Qəmbərlə istefadan öncə söhbətiniz oldumu” sualına N. Cəfəroğlu belə cavab verdi: “Məni Müsavatdan cəmi iki-üç nəfər müdafiə etdi. Mən bundan incidim. İsa bəy demişdi ki, gəl söhbət eləyək, məsələ müzakirə olunsun. Mən də getmədim, dedim ki, mənim sərbəst mövqeyim qəbul edilmirsə və Müsavatdakılar məni haqsız çıxarmaq istəyirlərsə, istefa verirəm. İsa bəylə dostluğum yenə də qalır. Bu yaşımda mən on illərə dayanan dostluğu itirən adam deyiləm. Amma dost kimi iradlarım var və bunları dilimə gətirirəm.
Müsavatda mənim çoxlu dostlarım var. Hamısı zəng edirlər mənə. Yaranmış bu vəziyyətə görə pis olublar. Onlarla indi də, bundan sonra dost kimi qalacam. Partiyanın rəsmi üzvü deyiləm, qəlbim, ruhum müsavatçıdır. Mənim ata-babalarım da müsavatçı olublar. Mən müsavatçı olanda indi partiyadakı bir sıra dostlarımız heç bilmirdilər Müsavat nədir. Nə etsək də məsləkdaşlarım olan Səidə Qocamanlının, Səadət Bənəniyarlının qədrini bilmədilər. Əslində buna çox təəccüblənmirəm. Rauf Arifoğlu kimi fədakar insanın qədrini bilməyənlər təbii ki, bizim də qədrimizi bilməzlər".
“İsa Qəmbər, partiyanın Divanı Sizin istefa ərizənizi qəbul etməsə, necə olacaq” sualını isə N.Cəfəroğlu belə cavablandırdı: “Sevinə-sevinə qəbul ediblər”. /Musavat.com