Asim Mollazadədən dairəsində baş verənlərə reaksiya: "Mən hər şeyi yaxşı dəyərləndirirəm. Ancaq..." (VİDEO)

13:59 13 Sentyabr 2024

Seçki prosesi bitdikdən sonra mediada ən çox müzakirə olunan dairələrdən biri də 22 saylı Nəsimi-Yasamal seçki dairəsi oldu. Belə ki, bu dairədə VI çağırış Milli Məclisin deputatı Asim Mollazadə  Real partiyasının sədri İlqar Məmmədova qalib gəldi, lakin partiya sədri seçki nəticələri ilə barışmayaraq müxtəlif məntəqələrdəki seçki pozuntuları ilə bağlı MSK-ya müraciət ünvanladı. Onun 55 səhifəlik şikayətində müşahidəçilərin hesabatları, 19 video fayl və qanun pozuntularına dair digər sübutlar var idi. Nəticədə sentyabrın 11-də MSK 22 saylı Nəsimi-Yasamal seçki dairəsinin yalnız üç seçki məntəqəsinin nəticələrini ləğv etdi. Bu isə rayon üzrə ümumi nəticələrə təsir göstərmədi. Ardınca İlqar Məmmədov Real Partiyasının sədrliyindən imtina etdi. 

Bəs görəsən, rəqibinin dairə üzrə seçki nəticələrini şübhə altına alması və partiya rəhbərliyindən getməsini, eləcə də seçildiyi dairədə 3 məntəqənin ləğvini Asim Mollazadə necə dəyərləndirir?

Sitat.info olaraq A.Mollazadənin son proseslərə münasibətini öyrənməyə çalışdıq. 

O bildiridi ki, seçki dairəsində baş verənləri yaxşı dəyərləndirir: "Mən hər şeyi yaxşı dəyərləndirirəm. Ancaq yaxşı olar ki, siz bütün suallarınızı Mərkəzi Seçki Komissiyasına ünvanlayasınız". 

Bu sualın ardından müxbirimizlə sağollaşıb dəstəyi asan Asim Mollazadə hər hansı fikir bildirməkdən imtina edib. 

Məğrur,

Sitat.info



Xəbər xətti