DYP-dən tədris ilinin başlanması ilə bağlı sürücülərə MÜRACİƏT

10:59 14 Sentyabr 2024

Bakı Şəhər Dövlət Yol Polis İdarəsi hərəkət iştirakçılarına müraciət edib.

İdarədən Sitat.info-ya verilən məlumata görə, müraciətdə deyilir:

"Yeni tədris ilinin başlanması küçə və prospektlərdə, xüsusilə də təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin artmasına səbəb olacaq.

Bunları nəzərə alaraq, bütün sürücülərdən xahiş edirik ki, yol hərəkəti qaydalarına ciddi riayət etsinlər, əsasən də fərdi nəqliyyat vasitələri ilə şagirdləri məktəbə aparan sürücülər dayanma-durma qaydalarını pozmamaqla avtomobillərini icazə verilən ərazilərdə saxlasınlar ki, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinə mane yaratmasınlar.

Eyni zamanda, piyadalara səki ilə hərəkət etməklə avtomobil yollarına çıxmamağı və hərəkət hissəsini piyada keçidləri ilə keçməyi, valideynlərə isə azyaşlı uşaqları nəzarətsiz qoymamağı tövsiyə edirik".



Xəbər xətti