Azərbaycanda məmurlar dövlət büdcəsindən "minbir zəhmətlə" oğurlayıb xarici banklara yerləşdirdiyi vəsaitlərin taleyi böyük risk altındadır. Ötən gün deputat Cahangir Feyziyev haqqında yayılan xəbər də onu göstərdi ki, büdcədən oğurlanan vəsaitlər nə Azərbaycana, nə korrupsioner məmurlara qalmayacaq, onlar ən yaxşı halda üçüncü bir dövlətin büdcəsinə köçürülə bilər.
Bəs görəsən, Azərbaycan hökuməti bu vəsaitləri ölkəyə cəlb etmək üçün maliyyə amnistiyası elan edə bilərmi?
SİTAT.İNFO-y açıqlamasında bu sualı cavablandıran Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu vurğuladı ki, maliyyə amnistiyası bu işin doğru - düzgün həlli deyil: "Maliyyə amnistiyası o zaman verilir ki, orada artıq iqtisadi cinayətkatlığa son qoyulur. Həmin insanlar bundan sonrakı fəaliyyətlərini qanuni əsaslarla qururlar. Azərbaycanda isə elə bir vəziyyət var ki, maliyyə amnistiyası verilsə də, iqtisadi cinayətkarlıq davam edəcək. Bu maliyyə amnistiyasından zaman - zaman istifadə edib məmurlar dövlətin, xalqın sərvətini dağıdacaqlar. Ona görə də, maliyyə amnistiyasını indiki halda vermək olmaz".
S.Cəlaloğlunun sözlərinə görə, sadəcə vətəndaşların gəlirləri üzərində ciddi dövlət nəzarəti həyata keçirilməlidir: "Çox təəssüf ki, bu həyata keçirilmir. Burada təkcə Cavanşir Feyziyevi məsuliyyətə cəlb etmək yox, həm də ölkədə bu cür nəhəng iqtisadi cinayətkarlığa qarşı mübarizə aparan bütün təşkilatları istintaqa cəlb olunmalıdır: "Anti-korrupsiya idarəsi, Baş Prokurorluğun müvafiq idarəsi hamısı istintaqa cəlb olunmalıdır. Necə olub ki, bu insanlar sizin gözünüzün qarşısında milyonlarla qeyri-qanuni oğurluq həyata keçirib, oğurluq edib, bunu asanlıqla xaricə keçirib. Həmin pulun da böyük bir hissəsi İngiltərə büdcəsinə daxil olub. Ona görə də burada maliyyə amnistiyası çıxış yolu deyil. Yüksək keyfiyyətli idarəetməyə keçmək lazımdır. Məmurlar yalnız xalqa və dövlətə sədaqətə görə seçilməlidir. Onlardan prezidentə yox, dövlətə və xalqa sədaqət tələb olunmalıdır. O zaman məmurlar qanuna uyğun işləyəcək, hakimiyyət də effektiv idarə olunacaq".
SİTAT.İNFO