Bakıda polis əməkdaşlarının “saxla” əmrinə tabe olmayıb qaçan narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan şəxslər saxlanılıblar.
DİN-in Mətbuat xidmətindən Sitat.info-ya bildirilib ki, əməliyyat sentyabrın 24-ü saat 03:44 radələrində Yasamal rayonu ərazisində keçirilib.
Z.Əhmədbəyov küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslərin olduğu 77-XS-413 dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobilə polis əməkdaşları tərəfindən “saxla” işarəsi verilib. Polisin qanuni tələblərinə məhəl qoymayaraq hərəkətini davam etdirən maşın Nəsimi rayonu ərazisində maneyə dəyərək dayanıb. Bu zaman nəqliyyat vasitəsində olan şübhəli şəxslər polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa cəhd ediblər.
Polislər tərəfindən xidməti tabel silahı ilə xəbərdarlıq atəşi açılmaqla, əvvəllər məhkum olunmuş – 1991-ci il təvəllüdlü İsmayılov Bəxtiyar və 1980-ci il təvəllüdlü Əjdərov Əjdər saxlanılıblar. Ayağından xəsarət alan Ə.Əjdərov xəstəxanaya yerləşdirilib.
Avtomaşında satış məqsədilə daşınan müxtəlif çəkilərdə qablaşdırılan heroin, pisixotrob maddə olan metamfetamin, güclü təsiredici dərman preparatları aşkarlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir.