Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın hadisəsi baş verib.
Sitat.info xəbər verir ki, Xəzər Media Mərkəzinin binasının qonşuluğunda olan yanğına görə, kanalda evakuasiya prosesi başlayıb.
Həmçinin, bu səbəbdən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
***
Xətai rayonu, Süleyman Əhmədov küçəsində, Xəzər Media Mərkəzinin binasının qonşuluğunda baş verən yanğın nəticəsində zəhərlənənlər var.
Bu barədə saytımıza Xəzər TV-nin əməkdaşı məlumat verib.
“Partlayış boya zavodunda olduğu üçün tüstüdən və kimyəvi maddənin qoxusundan əraziyə yaxınlaşmaq olmur. Əraziyə polis əməkdaşları cəlb olunub. Polislər Xəzər TV-nin əməkdaşlarının hamısını binadan çıxarıblar. Televiziyanın binası tamamilə boşaldılıb. Səbəb isə yanğından dolayı tüstünün binanı bürüməsidir. Kanalın əməkdaşları nəfəs ala bilməyib. Partlayış olan ərazidə zavodun əməkdaşları zəhərlənib. Xəzər TV-nin əməkdaşlarının zəhərlənib-zəhərlənmədiyi ilə bağlı məlumat yoxdur. Ölüm olub-olmadığı da bilinmir, çünki zəhərli maddənin təsirindən əraziyə yaxınlaşa da bilmirlər. Bir neçə dəfə partlayış səsi eşidilib”, - televiziyanın əməkdaşı bildirib./ Axar.az