"Cavanşir Feyziyevin parlamentdə qalmağa nə mənəvi , nə də siyasi haqqı çatmır" - QUBAD İBADOĞLUNDAN CAVAB...

17:31 1 Fevral 2022

"Özünün və ailəsinin adı çirkli pulların yuyulmasında hallanan, buna görə Azərbaycan dövlətini bütün dünyada rüsvay edən, parlamentin üzvü Cavanşir Feyziyev müsahibəsində məni və professor Cəmil Həsənlini təhqir edib və açıqlayıb ki, guya ki, onun barəsində yayılan məlumatar doğru deyil. 5,63 milyon funt sterlinqi və ya 7,5 milyon dolları və ya 13 milyon manatı itirən şəxsin psixloloji durumunu anlayışla qəbul etsək də, Feyziyevin təhqirlərinə onun səviyyəsinə enib cavab vermək niyyətində deyiləm. Birincisi, məlumat tam doğrudur, bu barədə ilk informasiyanı Britaniyanın Milli Cinayət Agentliyi (MCA) yayıb və MCA-ya istinadən nüfuzlu Bloomberg, The Guardian,BBC nəşrləri və dünyanın 100-dək mətbu orqanları bu barədə yazı dərc edib".

SİTAT,İNFO xəbər verir ki, bu sözləri iqtisadçı alim Qubad İbadoğlu yazıb. 

O, qeyd edib ki, nə özünün, nə də Cəmil Həsənlinin Cavanşir Feyziyevlə problemi yoxdur: "Problemimiz ölkənin sərvətlərinin və gəlirlərinin talanıb, xaricə daşınması və Azərbaycanın adının mütəşəkkil cinayətkarlıqda hallandırılaraq ölkənin reputasiyasının korlanması ilə bağlıdır. Odur ki, xalqın pulunu oğurlayıb, onu son nəticədə xaricilərə yedizdirənlərlə heç vaxt barışmayacagıq. Belələrinin ifşa olunması üçün sonadək mübarizə aparacağıq. Mən dərc etdiyim məlumatı öncə şəxsi kanallarımla əldə etmişəm, əvvəlki postumu bu məlumatı MCA rəsmi olaraq açıqladıqdan sonra dərc etmişəm. Odur ki, Cavanşir Feyziyevin iradı varsa MCA-ya, Westminister Məhkəməsinə, BBC-yə, Bloomberg-ə, Guardiana bildirsin".

Q.İbadoğlu onu da vurğulayıb ki, Azərbaycanın dövlət informasiya agentliyi olan "Azərtac"ın dünən dərc etdiyi "London məhkəməsi ədaləti bərpa etdi" xəbəri bu gün saytdan silinib: "Görünür ki, həmin yazı xalqı çaşdırmaq və bəzi şəxsləri sakitləşdirmək məqsədilə dərc edilib. Cavanşir Feyziyevin əməlində cinayət tərkibi olduğuna, Azərbaycanın adını bütün dünyada biabır etdiyinə görə, onun parlamentdə qalmağa nə mənəvi və nə də siyasi haqqı çatmır. Cavanşır Feyziyev kimilərinin əməllərinə görə, Azərbaycan beynəlxalq səviyyədə korrupsioner ölkə kimi tanınır, ölkəyə normal xarici investor gəlmir, belələrinə görə ölkədə keyfiyyətsiz və bahalı dərmanlar satılır, nəticədə alıcılar xəstəlikdən və yoxsulluqdan qoruna bilmirlər. Cavanşir Feyziyev həqiqətən xalqını və dövlətini sevirsə nədən "qazandığı" pulu ölkənin sərmayə ehtiyacı olduğu halda milli iqtisadiyyata, yerli banklara deyil, xarici banklarda depozitə qoyur? Nəhayət, onu da elan etmək istərdim ki, oğurlanan pullar xalqa məxsus olmasını, onun müsadirəsindən başqa ölkələrin qazanmasını və eləcə də belə halların bundan sonra da davam edəcəyini nəzərə alaraq Londonda professor Cəmil Həsənli ilə birlikdə "İstedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinə dəstək fondu" yaradırıq, məqsədimiz xalqdan oğurlanmış pulların ora köçürülməsinə və təhsilə yönəldilməsinə nail olmaqdır".

SİTAT.İNFO



Xəbər xətti