Ermənistanın hakim “Vətəndaş sazişi” fraksiyasının deputatları Sisak Qabrielyan və Arsen Torosyan, eləcə də parlamentin spikeri Alen Simonyan bir sıra dövlət qurumlarının rəhbərlərinin parlament qarşısında hesabat verməsini nəzərdə tutan yeni qanun layihəsini irəli sürüblər.
Sitat.info erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.
Həmin layihəyə görə, Ermənistanın baş prokuroru, ombudsmanı, Mərkəzi Bankı, Hesablama Palatasının və Televiziya və Radio Komissiyasının rəhbərləri parlamentə illik hesabatlar təqdim etməlidirlər.
Müəlliflərin fikrincə, bu dəyişiklik parlamentin rolunu artırması üçündür. Lakin yerli ekspertlər hesab edir ki, parlamentdəki əksəriyyətin dərdi başqadır. Belə ki, Paşinyanın deputatları bir neçə dəfə istintaq, korrupsiyaya qarşı mübarizə komitəsinin, Milli Təhlükəsizlik Xidmətinin rəhbərlərini parlamentə dəvət etməyə cəhd etsə də, onlar gəlməkdən imtina ediblər. Dəyişikliklərdən sonra onlar ən azı ildə bir dəfə Paşinyanın deputatlarının suallarını cavablandırmalı olacaqlar.