Qurban Qurbanov: “Yeni transferlərə ümidlərimiz böyükdür”

20:04 1 Fevral 2022

"İlk matçlarda futbolçulara çox da irad bildirmək istəmirəm, çünki idman formalarından uzaq olurlar".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Keşlə"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

50 yaşlı mütəxəssis paytaxt təmsilçisinin fərqli oynadığını bildirib: "Futbolçularımızı tam məlumatlandıra bilməmişdik. Ona görə çatışmazlıqlar var idi. Qarşıdakı oyunlarda daha diqqətli olmalıyıq".

Yeni transferlərin durumuna da toxunan Qurbanov onların hazırlıq səviyyələrinin digər oyunçulardan aşağı olduğunu söyləyib: "Çünki düşərgəyə gec qoşulmuşdular. Fiziki durumları aşağıdır. Formalarını tam bərpa etmək üçün vaxt lazım olacaq. Oyun bir qədər sönük keçdiyindən özlərini tam göstərə bilmədilər. Bir-iki epizodda fərqlənməyi bacardılar. Onlara ümidimiz böyükdür".

Baş məşqçi Maksim Medvedevin əvəzlənməsinin səbəbini də açıqlayıb: "Əzələsində yorğunluq hiss etdi. Oynaya bilərdi. Sadəcə, riskə getmək istəmədik".



Xəbər xətti