Türkiyədə uzun müddətdir körpə ölümləri ilə bağlı qandonduran hadisə müzakirə edilir. Bu günlərdə həmin məsələyə dair araşdırma başa çatıb.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, araşdırma nəticəsində bir qrup şəxsin əməlləri nəticəsində 12 körpənin öldüyü məlum olub.
Belə ki, sözügedən dəstə bir neçə özəl xəstəxana, eləcə də 112 “qaynar xətti”ndə işləyən şəxslərlə əlbir olaraq körpələri həmin tibb müəssisələrinin yenidoğulmuşlar üçün nəzərdə tutulan bölmələrinə yerləşdirib.
Sözügedən özəl xəstəxanalar isə pasiyentlərin effektiv müalicəsi üçün zəruri resurslara malik olmayıb.
Bildirilib ki, həmin şəxslər uşaqların mövcud vəziyyətini olduğundan daha ağır göstərərək uzun müddət orada qalmalarını təmin edib. Nəticədə isə Sosial Təminat Qurumundan yüksək məbləğdə vəsait əldə ediblər. Onlar, eyni zamanda xəstə yaxınlarından əlavə pul da alıblar.
Bununla yanaşı, körpələrin tənəffüs yollarının müalicəsində istifadə edilən dərmanlar işlədilmiş kimi göstərilərək üçüncü tərəfə satılıb.
Onlar uşaqların xəstə olduğunu iddia etmək üçün qan testlərini də saxtalaşdırıb. Bu yolla gündəlik hər xəstə üçün 8000 türk lirəsi əldə ediblər.
Fırat Sarı adlı şəxsin rəhbərlik etdiyi bu dəstənin əməlləri nəticəsində 12 körpə vəfat edib. Yenidoğulmuş körpələrin bəzilərinin infeksiya səbəbindən öldüyü qeyd olunub. Sağ qalan körpələrin əksəriyyətinin səhhətində isə ciddi problemlər yaranıb.
47 nəfər bu məsələdə şübhəli bilinir. Onlardan 22-si artıq həbs edilib.
Onu da qeyd edək ki, araşdırma çərçivəsində dəstə üzvlərinin yazışmaları da üzə çıxıb.
İttiham aktı baxılması üçün Bakırköy məhkəməsinə göndərilib.
Xatırladaq ki, son zamanlar Türkiyədə qadın və uşaq cinayətləri artıb.