"Zelenski prosesin girovudur, fərqli davranmağa imkanı yoxdur" - Elçin Mirzəbəyli

16:03 30 Aprel 2022

"Ukraynada 2004-cü ildən başlayan rəngli inqilablar silsiləsi olmasaydı, bütövlükdə isə SSRİ-nin süqutundan sonra Qərb postsovet məkanındakı yeni demokratiyaları öz maraqlarına qurban verməsəydi, separatçı hərəkatlara və işğal amilinə “yaxşı separatçı-pis separatçı”, “yaxşı işğalçı - pis işğalçı” kimi siyasi simasızlıq kontekstindən deyil, beynəlxalq hüququn norma və pribsiplərindən yanaşsaydı, öz müstəqilliyinə yenicə qovuşmuş xalqları azad və firavan yaşamaq istəklərini ləyaqətlə, qətiyyət göstərərək müdafiə etsəydi, o zaman Rusiyanın hərbi müdaxiləsi və digər bu kimi davranışlarının da şahidi olmayacaqdıq". 

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib. 

Onun sözlərinə görə, Qərbin keçmiş Yuqoslaviyadan başalayaraq postsovet məkanınadək nəhəng bir ərazidə yaratdığı aqressiv separatizmi mükafatlandırma “strategiyası” Rusiyanın güclənməsinə imkan yaradıldıqdan və dəstək verildikdən sonra Kreml tərəfindən president kimi istifadə olundu və nəticəsi də göz qabağındadır: "Bu baxımdan, hesab edirəm ki, Ukraynada baş verənlərə, sadəcə bu günün kontekstindən yanaşmaqla doğru-dürüst nəticə əldə etmək mümkün deyil. Çünki Rusiyanın Ukraynaya ikinci dəfə hərbi müdaxilə etməsi 18 illik bir prosesin ayrılmaz tərkib hissəsidir. Bəzən indi söylədiyim fikirlər və hadisələrə kompleks yanaşmaq niyyətim bəzi həmkarlarım, həmçinin birqütblü baxış bucağı olan insanlar tərəfindən yanlış istiqamətdə yozulur və belə bir rəy formalaşdırılmağa cəhd göstərilir ki, guya Rusiyanın neoimperialist davranışlarına haqq qazandırmağa çalışıram. Rusiya ilə məsələ aydındır.

Bu ölkə imperiya iddialarından əl çəkməyib, postsovet məkanına arxa bağçası kimi yanaşır və vaxtilə donunu dəyişmiş rus imperiyaları tərəfindən müstəqil, azad yaşamaq hüquqları əlindən alınmış xalqların öz bayraqları altında, öz dövlətlərində yaşamaq kimi təbii haqlarını qəbul edə bilmir". 

E. Mirzəbəyli vurğuladı ki, Rusiyanın dünyanın, xüsusilə də postsovet məkanının siyasi mənzərəsinə baxışı təhkimçilik üzərində qurulub: "Bu ölkədə müasir idarəçilik sistemlərinə yaxın, yaxud bu sistemləri “parodiya edən” mexanizmlər qurulsa da, yanaşma feodal yanaşmasıdır. Bu səbəbdən də, Rusiyadan hələ uzun illər, köklü siyasi dəyişliklər aparmaq arzusunda olan və bunu bacaran siyasi hakimiyyət olmadan, nəyisə dəyişmək mümkün olmayacaq. 

Buna görə də hesab edirəm ki, məsələyə ABŞ və Böyük Britaniyanın indiki mövqeyi baxımından yanaşmaq doğru deyil. Biz sualı “ABŞ və Böyük Britaniya olmasaydı Zelenski sülhə razılaşardı” kontekstindən qoya bilmərik. Çünki həm ABŞ, həm Böyük Britaniya, həm də Qərb blokuna daxil olan ölkələr mövcuddurlar və onların baxış bucağında, mövqelərində hər hansı bir dəyişiklik baş verməyib".

 

Politoloq hesab edir ki, Zelenski isə prosesin girovudur və onun indiki şəraitdə fərqli davranmağa imkanı yoxdur: "Digər tərəfdən, müharibənin gedişində həm Qərbin, həm də Rusiyanın gözləntilərini doğrultmayan hadisələr baş verib. Müharibədən bir müddət öncə verilən bəyanatları, o cümlədən müharibə başlayandan dərhal sonra Zelenskinin və komandasının Kiyevi tərk etmələri barədə Qərbdən gələn çağırışları nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, Ukraynanın və prezident Zelenskinin ciddi, Rusiyanın qarşısını ala biləcək dəstək olmadan bir neçə gündən artıq duruş gətirəcəyinə Vaşinqton və müttəfiqləri inanmayıblar. İndi elə bir vəziyyət yaranıb ki, əvvəlki şərtlərdaxilində, hətta 2014-cü ildə əldə olunmuş Minsk razılaşması çərçivəsində də anlaşmaq mümkün olmayacaq və müharibə davam edəcək. 2014-cü ildə Ukraynanı rüsvayçı Minsk razılaşmasına məcbur edənlərin bu gün eyni tələblə çıxış etmələri mümkün deyil. Zelenski də, Ukrayna xalqı da Qərbə inanmır, sadəcə Rusiyaya qarşı mücadilə aparmaq üçün Qərbin yanında olmaq məcburiyyətindədir".

 

Nərgiz, 

Sitat.info



Xəbər xətti