İngiltərədə ana üç yaşlı qızını siyirmədə saxlayaraq kobud etinasızlıq göstərdiyinə görə 7 il həbs cəzasına məhkum edilib.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, uşaq 2023-cü ilin fevralında ananın sevgilisi tərəfindən təsadüfən tapılıb. Siyirmədə böyüyən uşaq pis qidalanır, yeriyə və danışa bilmir və heç vaxt başqa insan siması görməyib.
Məlum olub ki, uşaq 2020-ci ilin mart ayında evdə hamam otağında doğulub, heç bir rəsmi qeydi olmayıb və doğulandan bəri siyirmədə gizlədilib. Ana yalnız arabir uşağa südlü sıyıq verib və şprislə qidalandırıb, bezini dəyişdirib. Ananın işə getdiyi və digər uşaqlarını məktəbə apardığı saatlarda uşaq tək qalıb.
Tapılan zaman uşaq yeriyə bilməyib və heç bir səs çıxara bilməyib. Əzələləri zəif, əzaları axsamış, ayaqları şişmiş vəziyyətdə olub. Onun inkişaf səviyyəsi həddindən artıq laqeydlik səbəbindən 10 aylıq körpəninkinə bərabər olub. Onun yeni baxıcısı bildirirki, uşaq hətta gülümsəməyi və yeməyi öyrənməlidir.
Hakim Steven Everett ananın davranışını "inanılmaz dərəcədə pis" adlandırıb və uşağın sevgidən, tibbi yardımdan və sosial ünsiyyətdən məhrum olduğunu bildirib. Hakim ananın hərəkətini “diri ölüm” kimi qiymətləndirib.
İndi himayədar ailənin himayəsində olan uşaq ilk dəfə yelləncəkdə əylənmək, gəzmək və danışmaq kimi bir çox şeylər yaşayır. Onun himayədar ailəsi onun ilk addımlarına və sözlərinə şahid olmağın həm kədərli, həm də gözəl olduğunu bildirib.
Prokuror Rachel Worthington, uşağın heç vaxt ad günü və ya Milad hədiyyəsi almadığını, bacı-qardaşları ilə əlaqə saxlamadığını və hətta öz adını belə tanımadığını vurğulayıb. O, ananın bu hərəkətinin səbəbinin anlaşılmaz olmasına baxmayaraq, ədalətin bərqərar olduğunu bildirib.
Nigar,
Sitat.info