İsrailin hücumları nəticəsində məcburi köçkün olan livanlılar bu gün səhər qüvvəyə minən atəşkəs razılaşmasından sonra evlərinə qayıtmaq üçün yola düşüb.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, hücumlar səbəbindən 5,3 milyon əhalisi olan Livanda təxminən 1,9 milyon insan məcburi köçkün vəziyyətinə düşüb.
İsrail və Livan arasında əldə olunan və münaqişəyə son qoyan atəşkəs bu gün səhər qüvvəyə minib və bundan sonra bayram tədbirləri keçirilib. İsrailin hücumları nəticəsində məcburi köçkün olan livanlılar evlərinə qayıtmağa başlayıblar.
Evlərinə qayıtmaq istəyənlər Livanın cənubuna doğru yollara çıxıblar. Cənuba gedən yollarda sıxlıq yaranıb. Atəşkəs qüvvəyə mindikdən dərhal sonra Livanın cənubunda evlərinə qayıdanların bəziləri bu vəziyyəti atəşfəşanlıqla qeyd ediblər.
Sərhədə yaxın şəhər və kəndlərdə qeyri-müəyyənlik hökm sürür. İsrailin quru hücumu ilə işğal olunmuş sərhəd xətti boyunca bir çox kənd və qəsəbələrdə yaşayan insanlar hələ də evlərinə qayıda bilməyib. Çünki İsrail əsgərlərinin bölgədə işğalı davam edir və onlar hələ də bu yerlərdən geri çəkilməyiblər. Livan ordusu verdiyi yazılı açıqlamada sərhəd bölgəsindəki kənd və qəsəbələrin sakinlərinə xəbərdarlıq edib ki, İsrail əsgərləri evlərinə qayıtmadan işğal etdikləri bölgədən geri çəkilsinlər.
Amma acınacaqlısı odur ki, atəşkəsdən sonra evlərinə sevinclə qayıtmaq üçün yola çıxan minlərlə livanlı evlərini tapa bilməyəcək. Çünki İsrail ordusu qurudan və havadan hücumlar nəticəsində Livanın bir çox bölgəsində, xüsusən də sərhəd bölgələrində geridə ağır dağıntılar qoyub.
İsrail ordusu qurudan hücumları zamanı sərhəddə yerləşən bir çox kənd və qəsəbələri "Hizbullaha aid hədəflər" olduğunu iddia edərək xəritədən silib. İndiyədək Livanın cənubunda 37 kənd və qəsəbə , 40 mindən çox evi dağıdılıb. Paytaxt Beyrut başda olmaqla Sur, Sidon və Baalbek kimi bir çox şəhər İsrailin sıx hava hücumlarına məruz qalıb. Bu şəhərlərdə yüzlərlə evin hava hücumları nəticəsində tamamilə və ya qismən dağıldığı bildirilir.
Məğrur,
Sitat.info