"Azərbaycan Prezidenti İlham Əliyevin son açıqlamalarına bir çox istiqamətlər üzrə olduqca önəmli mesajlar mövcuddur. Həmin mesajların bəziləri isə çox açıq mətnlə Rusiyanın ünvanına yönəldilib. Azərbaycan liderinin 44 günlük savaş dönəmində Rusiya nəqliyyat təyyarələrinin Ermənistana silah daşıması barədə dedikləri rəsmi Bakının heç nəyi unutmadığını göstərir".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin Ermənistana silah-sursat daşıyan Rusiya təyyarələrinə Gürcüstanın öz hava məkanını bağlamasını xüsusi vurğulaması da önəmli məqamdır: "Çünki, rəsmi Bakının eyni məzmunlu xahişini Orta Asiya ölkələri və İran yerinə yetirməyib. Rusiya nəqliyyat təyyarələri Azərbaycanla müharibə aparan Ermənistana silah-sursat daşımaqda davam edib. Və indi belə anlaşılır ki, əslində, 44 günlük savaş dövründə Rusiya qətiyyən neytral mövqe tutmayıb. Əksinə, Ermənistana hərbi dəstək verib.
Təbii ki, bu açıqlama rəsmi Bakının heç nəyi unutmadığını, Azərbaycanın dostlarını və qeyri-dostlarını yaxşı tanıdığını göstərir".
E.Xalidbəyli vurğuladı ki, eyni zamanda, Azərbaycan Prezidentinin Ukrayna ilə bağlı dedikləri də olduqca önəmli mesajlardır: "Belə ki, Azərbaycan lideri rəsmi Kiyevə Ukrayna öz ərazilərinin işğalı ilə barışmamağı tövsiyyə edib. Ardıncasa, Azərbaycanın Ukrayna ilə yanaşı, Gürcüstan və Moldovanın da ərazi bütövlüyünü tanıdığını, dəstəklədiyini vurğulayıb.
Heç şübhəsiz ki, bu açıqlamada müəyyən mənada, Rusiyaya ünvanlanmış kimi görünür. Çünki hazırda Ukraynanın ərazilərinin işğalı məhz Rusiyanın bu ölkəyə savaş açması ilə birbaşa bağlıdır. Eyni zamanda, Gürcüstan və Moldovanın ərazi bütövlüyünə yaradılan problemlər də Rusiyanın bu ölkələrdə separatizmə dəstəyindən qaynaqlanır. Yəni, rəsmi Bakı sərhədlərin toxunulmazlığı məsələsində güzəştsiz mövqe tutur və belə problemlərə münasibətdə siyasi kursunun Rusiyanın fəaliyyəti ilə uyuşmadığını qabardır.
Ümumiyyətlə, son vaxtlar Azərbaycanın balans siyasətindən tədricən imtina etməyə üstünlük verdiyi də müşahidə olunur. Əslində, rəsmi Bakının öz xarici və regional siyasət kursuna yenidən baxmağa üstünlük verməsində Rusiyanın günahı inkaredilməzdir. Kreml Azərbaycan və Ermənistan arasında sülh sazişinin hazırlanması prosesini pozmağa çalışmaqla, rəsmi Bakının maraqlarına zidd davranmış oldu".
E.Xalidbəylinin fikrincə, Putin öz açıqlamaları ilə Bakını qıcıqlandırmaqda da çəkinmir: "Xüsusilə də, Rusiya prezidenti Vladimir Putinin Ermənistan baş naziri Nikol Paşinyanla görüşdə “Qarabağda bir çox təhlükəsizlik problem var. Biz həmin problemləri Ermənistan baş naziri ilə müzakirə edəcəyik” deməsi rəsmi Bakını qıcıqlandırmamış deyil. Çünki Rusiya prezidenti Azərbaycanın ərazisi ilə bağlı hər hansı məsələni Ermənistan baş naziri ilə müzakirə edə bilməz. Xüsusilə də, Azərbaycanın iştirakı olmadan belə bir müzakirənin aparılması beynəlxalq hüquq normalarına da ziddir. Və bu, Azərbaycanın daxili işlərinə qarışmaq deməkdir.
Digər tərəfdən, Xankəndi və ətraf bölgədə müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlı qüvvələrinin erməni terrorçu-separatçı dəstələri ilə ortaq təxribatlar törətməsi rəsmi Bakının diqqətindən qətiyyən yayınmır. Ona görə də, Azərbaycan Prezidentinin “Avropa Birliyi Azərbaycana münasibətdə daha ədalətli mövqe tutur” deməsi də dolayısı ilə Rusiyanın davranışlarından narazılığı ifadə edir".
Bütün bunları nəzərə alan siyasi şərhçi, ehtimal edir ki, rəsmi Bakı ABŞ və Qərblə Rusiya arasında balanslı siyasət yürütmək ənənəsini sona çatdırmağa hazırlaşır: "Azərbaycan öz xarici siyasət kursunda müəyyən dəqiqləşdirmələr aparma mərhələsindədir. Yəqin ki, yaxın aylarda rəsmi Bakı daha konkret mövqe ilə Azərbaycanın geopolitik siyasi iradəsini nümayiş etdirməyə çalışa bilər. Böyük ehtimalla rəsmi Bakı Azərbaycanın gələcək taleyini daha çox Avropa Birliyi ilə uzlaşdırmağa üstünlük verəcək. Bu isə o deməkdir ki, Rusiya öz yolverilməz davranışları ilə Azərbaycanla strateji tərəfdaşlıq imkanlarını itirmək təhlükəsi ilə üzləşib.
Ancaq bütün bunların kəskin gərginləşmə və ya qarşıdurma ilə nəticələnə biləcəyi hələlik o qədər də inandırcı deyil. Çünki Kreml Azərbaycanla Rusiya arasında qarşıdurmaya qətiyyən həvəs göstərməz. Hər halda, Azərbaycan artıq həm özü güclənib, həm də NATO üzvü olan Türkiyə ilə strateji müttəfiqdir".
Nərgiz,
SİTAT.İNFO