"Çox təəssüf ki, on illər boyunca Qərb paytaxtları ilə Rusiyanın Qarabağ məsələsinə münasibətində prinsipial fərq görmədik, bu, acı reallıqdır. Yalnız son aylarda rəsmi Moskva elan etdi ki, ABŞ və Fransa ATƏT-in Minsk Qrupunun üzvləri olaraq Rusiya ilə yanaşı addımlamaq istəmirlər və fəaliyyətsiz bir qurumun arxivə göndərilməsi faktiki olaraq rəsmiləşdi. Amma məncə, əslində Minsk Qrupunun dağılması Rusiya-Qərb münasibətlərindəki konfrantasiya ilə yanaşı, rəsmi Bakının bu üçlüklə bağlı qəti və sərt mövqeyinin məntiqi nəticəsidir".
Bu sözləri SİTAT.İNO-ya açıqlamasında siyasi şərhçi Elşad Paşasoy deyib.
Onun sözlərinə görə, hazırda Avropa, ABŞ və Rusiyanın Qarabağla bağlı rəqamətinin şahidiyik: "Avropa İttifaqı Şurasının moderatorluğu ilə keçirilən Brüssel görüşlərini Rusiya sinirə bilmədi və Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya çağırılaraq təlimatlandırıldı. Eyni zamanda Ermənistandakı revanşist qüvvələrin küçələrə səpələnməsi də vəziyyətin yenidən gərginləşdirilməsini hədəfləyən paytaxtların cızdığı planın tərkib hissəsidir. Azərbaycanın təkbaşına beynəlxalq təşkilatların və aparıcı paytaxtların bacara bilmədiyi işi həyata keçirməsi, torpaqlarını işğaldan azad edərək, hazırda da genişmiqyaslı quruculuq işlərinə başlamasını sinirə bilməyən dairələr yenidən gərginliyi tətikləməklə bölgədə mövcudluqlarını təmin etmək istəyirlər. Buradakı rəqabət mühiti əslində revanşistlərin əlinə yarayır. Rəsmi İrəvan anlayır ki, sülhün alternativi yoxdur, əks təqdirdə Ermənistan növbəti dəfə sarsıdıcı zərbələr ala və hətta ərazi itkiləri ilə üzləşə bilər. Amma Rusiya və Qərbdən verilən təlimatların icrasından da imtina edəcək qədər cəsarətə və qətiyyətə sahib deyil".
E.Paşasoy vurğuladı ki, Qərb Ermənistana daha çox maliyyə ayırdığından, siyasi təsir gücü də daha çoxdur: "Avropa İttifaqının Ermənistana 2 milyard yarımlıq yardım vədi, eyni zamanda ABŞ Konqresinin Nümayəndələr Palatasının 2022-ci maliyyə ili üçün Ermənistan Respublikasına 45 milyon dollar, Qarabağdakı separatçılara isə 2 milyon dollar yardımın göstərilməsini nəzərdə tutan qərar qəbul etməsi işğalçı və separatçı meyllərin stimullaşdırılması olmaqla yanaşı, həm də Ermənistanın Qərb dairələrindən asılılığını, verilən təlimatlara sözsüz əməl edilməsini tətikləyir. Eyni zamanda Qərbdən maliyyə dəstəyi alan ermənilər Rusiyanın hərbi dəstəyindən məhrum olmamaqdan ötrü Moskvanın “qulaqburma”larına da sakit yanaşır. Hətta “Sororsun uşaqları” bəzi hallarda Rusiya ilə ifrat yaxınlıq görüntüsü yaratmaqla, özlərini Qərbə daha baha qiymətə satmağa çalışırlar. Sözsüz ki, son gəlişmələr həm də ABŞ Konqresinin 2023-cü ildə Ermənistana maliyyə yardımının azaldılması, Azərbaycana artırılması, Qarabağ separatçılarına isə ümumiyyətlə, dəstək verilməyəcəyi ilə bağlı yeni siyasəti ilə əlaqədardır".
Siyasi şərhçi hesab edir ki, ABŞ dövlət katibi Blinkenin ötən həftə Azərbaycanı ittiham edən açıqlamaları, ardınca Ermənistan XİN rəhbəri Ararat Birzoyanla görüşü, müqavilə imzalaması və bu kimi yaxınlıqlar da təəccüb doğurur:"Düzdür, ABŞ-ın işğalçı Ermənistana “məhrəm” münasibəti yeni deyil. Amma söhbət Ukrayna müharibəsində birmənalı olaraq tərəfə çevrilmiş, hətta Rusiyaya qırıcılarını göndərmiş Ermənistandan gedir. Vaşinqton on illər boyunca Qarabağ separatçılarına postsovet məkanındakı digər separatçılarla müqayisədə fərqli münasibət sərgilədi, qeyd etdiyimiz kimi, maliyyə dəstəyi verdi. Son aylarda isə Qarabağdakı separatçı rejim birmənalı şəkildə Donbas və Luqansk separatçılarını müdafiə etdi, yardım yolladı, üstəlik, Xankəndi şəhərində Rusiya bayraqları qaldırıb, aksiya keçirdilər. Qərb özünü sanki bütün bunları görmürmüş kimi aparır. Görünən budur ki, Qərb Qarabağ məsələsini 2020-ci ilin 10 noyabrından etibarən moderatorluğu üzərinə götürmüş Rusiyanın əlindən almağa çalışır, amma həll etməkdən ötrü yox, erməni separatçılarını xilas etmək üçün".
E.Paşasoy diqqətə çatdırdı ki, həm Rusiya, həm də Qərb Qarabağdakı separatçı-terrorçu qüvvələrin xilası üçün rəqabətə girişib: "Əks təqdirdə, bu paytaxtlardan heç olmasa bircə dəfə “Qarabağdakı erməni separatçıları” ifadəsini eşidərdik. Azərbaycan bir çox hallarda ABŞ və Avropanın ermənipərəst qüvvələrinin Laçın dəhlizi ilə Qarabağa yolunu kəsdiyi üçün təzyiqlərə tuş gəlir. Unutmayaq ki, işğal dövründə Qarabağa ən çox qanunsuz səfər edən əcnəbilər Minsk üçlüyünə daxil olan ölkələrin vətəndaşları idi və onlara qarşı həmin ölkələrdə hər hansı tədbirlər görülməmişdi. Elə bir müddət əvvəl Azərbaycan ordusunun Fərrux yüksəkliyində mövqelər qurması, öz ərazisində yerdəyişmələr həyata keçirməsinə eyni anda həm Rusiyadan, həm də Qərbdən bəlli narahatlıqların eşidilməsi bu mərkəzlərin iç üzünü növbəti dəfə açdı. Sözsüz ki, Qərb Rusiya hərbçilərinin sülhməramlı adı altında Qarabağda qalmasını istəmir. Amma heç şübhəsiz ki, orada özünə yaxın kontingentin mövcudluğunda maraqlıdır. Azərbaycan dövləti isə sadəcə keçid mərhələsi üçün rus hərbçilərin bölgədə yerləşməsinə razılıq verdi və bu, müvəqqəti xarakter daşıyır. Odur ki, dövlətimiz Qarabağın təcrübə poliqonuna çevrilməsinə imkan verməyəcək, buna şübhəmiz yoxdur. Uzun illər boyunca “Qarabağın açarı kimdədir” sualına cavab axtardıq, amma yekunda Azərbaycan ordusu açarın kimdə olduğunu bütün dünyaya bəyan etdi. İndi açarı bizdə olan Qarabağın kimlərinsə əlində oyuncağa çevrilməsinə imkan verə bilmərik. Necə deyərlər, hər kəs öz işi ilə məşğul olsun. Bir də ki, unutmamışıq: bu günədək nə ABŞ, nə Fransa, nə də Rusiyanın Bakıdakı səfirləri Şuşaya səfər etməyib, ermənilərin iddia etdiyi (?!) 270 yaşlı Azərbaycan şəhərinə! Bu, hər üç ölkə və azı iki qütb arasında yenə də Qarabağa münasibətdə vəhdətin nümayişidir. Bir-birinə qənim kəsiliblər, amma yenə də onları birləşdirən bir “dəyər” var: erməniçilik! Bu mənada onların arasındakı rəqabət də aldadıcı təsir bağışlayır".
NƏRGİZ,
SİTAT.İNFO