Azərbaycanda bank sektorunda kredit faizləri digər ölkələrlə müqayisədə çox yüksəkdir. Xüsusən istehlak kreditlərində faizlərin daha yüksək olması vətəndaşları narahat edir. Nəticədə vətəndaşlar bəzihallarda banklara borclarını qaytara bilmirlər. İllərlə davam edən proses problemli kreditlərin artmasına, əhalinin daha çox borclanmasına, banklar tərəfindən vətəndaşların "soyulmasına" gətirib çıxarır. Biznes kreditlərinin qısamüddətli və yüksək faizli olması isə sahibkarların bu vəsaitlərə əlçatanlığını azaldır.
Bəs kredit faizləri aşağı salına bilərmi? Bunun üçün bank sektorunda hansı islahatlara ehtiyac var?
Mövzunu şərh edən iqtisadçı ekspert Əkrəm Həsənov SİTAT.İNFO- ya açıqlamasında bildirib ki, faizlərin yüksək olmasının haqqlı səbəbləri var: "Bu prosesdə həm bankların, həm də vətəndaşların özlərinə görə haqlı olduğu məqamlar var. Azərbaycanda kredit faizləri digər ölkələrə nisbətən yüksəkdir, bu danılmaz faktdır. Hazırda ölkədə 20 faizdən aşağı kredit faizi yoxdur. Banklar bilir ki, verdiyi kreditlərin bir hissəsinin qaytarılmasında problemli hallar yaşanacaq, geri qaytarılması üçün xeyli səy göstəriləcək. Bu prosesdə də dövlət rüsumu, vəkillərin, işçilərin ödənişi bankın öhdəsindədir. Bunlar hamısı əlavə xərc deməkdir. Bu xərcləri nəzərə alaraq banklar əvvəlcədən faizləri yüksək qoyur".
Ə.Həsənov bildirdi ki, prosesin uzanmasına və əlavə xərclərin yaranmasına təsir edən amillərdən biri də məhkəmə sisteminin, icra xidmətinin bərbad vəziyyətdə olmasıdır: "Məhkəmə prosesində özbaşınalıq, korrupsiya müşahidə olunur.
Vətəndaşlar düşünür ki, məhkəmə həmişə bankların xeyrinə qərar verir. Əvvəla, həmişə belə qərar vermir, xüsusən də sahibkarların kreditləri ilə bağlı. Bankların xeyirinə qərar verilsə belə, bu banklar üçün ucuz başa gəlmir. Qərar olsa da icra prosesində problemlər yaranır. Bu proses qiymətləndirmə şirkətləri, ekspertlər, icra məmurlarının iştirakı ilə həyata keçirilir. Belə hallarda da xərc çox çıxır. Təbiidir ki, banklar da pul qazanmaq istəyir".
Bu prosesdə Mərkəzi Bankın məsuliyyətinə gəlincə, Ə.Həsənov vurğuladı ki, hazırda ən ucuz Mərkəzi Bankın kreditləridir: "Onun uçot dərəcəsi 7.75 faizdi. Amma heç də bankların hamısı o faiz dərəcəsində kredit ala bilmir. Buna görə də sağlam rəqabət yoxdur.
Burada Mərkəzi Bankın səhvi odur ki, bütün banklara eyni faizlə vermir".
Lamiyə Xəqani
SİTAT.İNFO