Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan “Vaqner” muzdlu qruplaşmasının maliyyəçisi Yevgeni Priqojinin müharibə ilə bağlı açıqlamaları gündəmdə iz buraxıb.
Kiyevə 400 nəfərlik sui-qəsd qrupu göndərən və Zelenskini öldürməyə çalışdığı deyilən qrup, əvvəlki illərdə Suriyada etdiklərini indi də Ukraynada davam etdirir. “Vaqner”in lideri Priqojinin fikrincə, Rusiyanın qələbəsi qaçılmazdır.
SİTAT.İNFO xarici mediyaya əsasən xəbər verir ki, dünyanı dəhşətə gətirən “Vaqner” muzdlularına başçılıq edən Putinin “şefi” Qərbi hədələyərək “Qələbə bizim olacaq” deyib. O, rusları “üçüncü dünyanın əclafları” kimi görən ölkələri və insanları nəsli kəsilməkdə olan yazıqlar deyərək ittiham edib.
Rusiyalı iş adamı və Vladimir Putinin yaxın dostu Yevgeni Priqojin Kreml sarayında şam yeməyini tənzimləyən iaşə müqavilələrinin sahibi olduğu üçün “Putinin aşpazı” kimi tanınır.
Muzdlu qrup bütün dünyada, xüsusilə Afrika və Yaxın Şərqdə Putinin şəxsi ordusu kimi fəaliyyət göstərir.
"Sən rusları, mərkəzi afrikalıları, kubalıları, nikaraqualıları və bir çox başqa xalqları və ölkələrini üçüncü dünyanın əclafları kimi görən, ölməkdə olan Qərb sivilizasiyasısan. Biz milyardlarıq və qələbə bizim olacaq!" deyə Priqojin sərt çıxış edib.
Priqojinin bu bəyanatı "The Guardian" qəzetinin Vaqner Qrupunu Malidə 300-ə yaxın mülki şəxsin qətliamı ilə bağlı sübutları dərc etməsindən sonra gəlib.
Vaqner muzdlu qruplaşması bütün dünyada bir sıra münaqişələr və amansız qətllər ilə tanınır və onun Moskva ilə heç bir rəsmi əlaqəsi olmadan öz çirkin işlərini aparan Putinin şəxsi ordusu kimi fəaliyyət göstərdiyi güman edilir.
Hələ bu muzdlular Ukraynaya qarşı hücuma qoşulmazdan əvvəl Rusiya onları Afrika ölkəsində hərbi əməliyyatlara göndərmişdi.
Vaqner Qrupu özünü şəxsi hərbi qrup kimi təqdim edir və Kreml Vaqnerlə hər hansı bağlılığını, hətta bu qrupun mövcudluğunu inkar edir.
Priqojin "The Guardian"-a müsahibəsində şəxsi hərbi şirkəti ilə bağlı hər hansı iddianı təkzib edərək, "Vaqner Qrupunun mövcud olmadığını" təkid edib və Malidəki hadisələri "kollektiv Qərbin, yəni ABŞ, Böyük Britaniya və Fransanın yerləşdirdiyi terror təşkilatları ilə əlaqələndirib.
Safura Bənnayeva
SİTAT.İNFO