Rusiya-Ukrayna müharibəsinin başladığı ərəfədə Rusiya ilə Azərbaycan arasında müttəfiqqlik sazişi imzalandı. Lakin Kremlin Kiyevə işğalçı hücumu, müharibə gedən bölgələrdə dinc sakinləri öldürməsi Azərbaycan ictimaiyyətinin də etirazlarına səbəb oldu. Azərbaycan xalqı Ukraynanın yanında olduğunu ifadə etdi. Dövlət səviyyəsində Rusiya ilə münasibətləri pozacaq addım atılmasa da, Azərbaycandan Ukraynaya humanitar yardımlar göndərildi. Bundan sonra isə Rusiyanın tərxibatçı əməlləri son nəticədə Azərbaycan dövlət başçısının bu mövzuda daha açıq mətnlə çıxış etməsi, Ukraynanı işğalçılıqla barışmamağa çağırması, Rusiyanın 44 günlük müharibədə Ermənistana verdiyi həərbi dəstəyi bir daha dilə gətirməsi ilə nəticələndi. Hazıra rəsmi Bakı ilə Moskva arasında soyuq küləklər əsir. Bəs görəsən münasibətlərdəki bu soyuqluq siyasi gərginlik həddinə çata bilərmi? Azərbaycan və Türkiyənin müttəfiqliyini də nəzərə alsaq, hazırda Kremlin bu iki dövləti qarşısına almaq lüksü varmı?
Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən professor Qulu Məhərrəmli bildirdi ki, bizim xarici siyasətimizdə elə prioritetlər var ki, o Rusiya-Azərbaycan münasibətlərinin kəskinləşməsinə imkan verməz: "Çünki Rusiya və həmçinin Qərblə çox düşünülmüş, ağıllı, təmkinli xarici siyasət aparılır. Amma bu cür vəziyyət yaranarsa, bu çox şeyə səbəb ola bilər. Çünki bu dəqiqə faktiki olaraq Qarabağın bir hissəsində yaşayan separatçı qüvvələrin ipi Rusiyanın əlindədir. Xoşməramlı qüvvələr adı ilə Rusiya orada oturub, prosesləri idarə edir. Və ona görə də Rusiyanı qıcıqlandırmaq, hadisələrin arzuolunmaz istiqamətdə irəliləməsinə səbəb ola bilər".
Qulu Məhərrəmli qeyd etdi ki, o hadisələrin bu şəkildə irəliləyəcəyini real görmür: "Çünki Rusiyanın bütün dünya ilə, Avropa ilə, böyük dövlətlərlə çox ciddi problemləri var. Yəni, bu siyahıya Gürcüstan, Azərbaycan və ya Ermənistanən əlavə olunmasını istəmir. Həm də Rusiya ilə Azərbaycan arasında Ukrayna müharibəsindən 1 gün əvvəl müttəfiqlik haqqında müqavilə imzalanıb. Ona görə güman etmirəm ki, hadisələr çox pis ssenari üzrə inkişaf etsin. Əlbəttə ki, indi Rusiyanın da bu bölgədə meydan sulamağının bir sonu olmalıdır və olacaq. O nə qədər çox tez olsa, region bir o qədər rahat nəfəs ala bilər. Regionda sülh, sabitlik təmin oluna bilər. Ona görə bu dəqiqə dünyanın aparıcı dövlətlərinin də fikri, niyyəti ondan ibarətdir ki, Rusiya bu Ukrayna müharibəsindən çox zəifləmiş bir halda çıxacaq və özünün qonşuluqdakı dayaqlarını itirəcək. Güman edək ki, hər halda hadisələr Azərbaycanın xeyirinə inkişaf edəcək".
Ləman Sərvanqızı
SİTAT.İNFO