"ABŞ düşünür ki, Ermənistanı Rusiyadan qopara bilər, ancaq..." - Tural Abbaslı İRƏVAN UĞRUNDA gedən rəqabətdən danışdı

14:27 6 May 2022

 "Azərbaycanla müqayisədə Ermənistanın istər Avropa ölkələri ilə istər Amerika ilə münasibətləri hər zaman yaxşı olub. Hətta bu münasibətlərə rəğmən , Rusiya ilə də Ermənistanın münasibətləri Azərbaycan- Rusiya münasibətlərindən daha irəlidə olub. Yəni təəsüflə qeyd etməliyik ki, bugünə qədər Ermənistanın yürütdüyü xarici siyasət, diaspora siyasəti, lobbiçilik fəaliyyəti Azərbaycanınkından daha effektiv və daha məhsuldar olub. Və bu gün də əslində ABŞ-Ermənistan münasibətlərinin inkişafı həmin ənənəvi siyasətin davamıdır. Yəni Paşinyan bu münasibətləri inkişaf etdirməklə müxtəlif formatda dəstək alır, iqtisadi yardım, siyasi dəstək alır, dövlətin manevr qabiliyyətini artırır". 

Bu fikirləri SİTAT.İNFO-ya açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı deyib. 

O, qeyd edib ki, Rusiyanın təsir dairəsindən çıxmaq Ermənistan üçün o qədər asan olmayacaq: " Çünki Ermənistanın bütün infrastrukturu demək olar ki, Rusiyanın nəzarətindədir. Və hətta Ermənistanın sərhədlərinin qorunması belə Rusiya Federal Təhlükəsizlik İdarəsinə tabedir. Yəni belə bir məqamda Paşinyanın ABŞ-la münasibətləri inkişaf etdirməsi daha çox oradan gələn yardımların davamlı olması və siyasi dəstəyin verilməsi üçündür. Avropa düşünür ki, bu gedişlərlə Ermənistanı Rusiyadan qopara bilər, yəni Rusiyanın orbitindən çıxara bilər. Amma onlar tələsirlər. Çünki Ermənistan illərdir ki, Rusiyanın orbitindədir. Yenə qeyd edim ki, iqtisadi, mədəni və bir çox baxımdan Rusiyaya daha bağlıdır. Hər halda bir geopolitik siyasi savaş gedir. Və Paşinyan da təbii ki, Ermənistanı Qərbə meyilləndirmək istəyir. Bu istiqamətdə də addımlar atır. Amma Rusiyanın da müxtəlif formatlı cavabları olur. Və bir çox hallarda Ermənistan kursundan imtina etməli olur. Amma hər iki tərəf - Qərb də, Amerika da Ermənistanla bu münasibətləri davamlı sürdürürlər. Cəhdləri sonra qədər davam etdirirlər ki, nəyəsə nail olsunlar". 


Tural Abbaslı onu da  bildirir ki, Azərbaycan üçün ATƏT-in Minsk qrupuna həmsədr ölkələr  vasitəçi kimi nəzərdə tutulursa, onların heç biri bizə sərf etmir : " Nə Rusiya, nə Fransa, nə də Amerika. Yəni son hadisələrdən sonra məlum oldu ki, Rusiya, Fransa, Amerika özləri bir masa ətrafında oturmaq bacarığında deyillər. Və əgər özləri öz aralarında danışıb dil tapa bilmirlərsə, bunlar gəlib bizə nə problem həll edəcəklər ? Ümumiyyətlə vasitəçilik institutunun effektiv olmadığını biz 30 ilə yaxın bir müddətdə gördük. Bir qarış torpağın belə azad edilməsinə nail olunmadı. Hansı ki, BMT-nin 4 qətnaməsi var idi. Yəni , dolayısı ilə bu problemlər vasitəçilik ilə həll olunası deyildi. Azərbaycan öz ordusunun gücünə, öz əsgərinin, zabitinin gücünə ədaləti bərpa etdi. Sona qədər də belə olmalıdır. Azərbaycan daha çox özünə, ordusuna, iqtisadiyyatına, əhalisinə inanmalıdır. Əgər mütləq  vasitəçilik lazım olarsa, təbii ki, bizim yeganə əbədi və əzəli müttəfiqimiz Türkiyə Cümhuriyyəti var. Və onun vasitəçiliyindən başqa bizə  heç bir ölkənin vasitəçiliyi sərf etmir, edə də bilməz. Yəni proseslərə Türkiyəni daha çox cəlb etməliyik, onun təsirini artırmalıyıq. Ümumiyyətlə Türkiyənin həm regionda, həm dünyada mövqeyinin güclənməsinə biz də töhvə verməliyik. Çünki güclü Türkiyə, güclü Azərbaycan, güclü Azərbaycan, güclü Türkiyə deməkdir".

Ləman Sərvanqızı

SİTAT.İNFO



Xəbər xətti